Bu il görkəmli nasir, şair, dramaturq, jurnalist, tərcüməçi, Əməkdar incəsənət xadimi Məmməd Səid Ordubadinin (1872-1950) 150 illik yubileyi qeyd olunur.

M.S.Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının böyük ustadı kimi tanınır. Müəllifin “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və qələm” və s. romanları Azərbaycanın çoxəsrlik zəngin tarixinin müxtəlif dövrləri haqqında oxucuda dolğun təəssürat yaradır. 

Ordubadi bütün ömrü və yaradıcılığı boyunca mənsub olduğu xalqın milli ruhunu, mənafeyini həm ürəyində, həm də qələmində daşımış sənətkarlardandır. O, milli kimliyini çox yaxşı dərk edir, bəzən açıq, bəzən də üstüörtülü şəkildə bunu öz əsərlərində dilləndirməkdən çəkinmirdi. Məhz buna görədir ki, illər keçməsinə baxmayaraq, o, indi də müasir yazıçı kimi oxunur və sevilir.

Görkəmli ədibin yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Məmməd Səid Ordubadi – 150” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə yazıçının kitabları, həyat və yaradıcılığı haqqında dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Memmed_Seid_Ordubadi_150/index.htm linkindən istifadə edə bilərlər.