Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin müvafiq fərmanına əsasən “Dostluq” ordeni ilə təltif edilib.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ordeni Qazaxıstan xarici işlər nazirinin birinci müavini Şaxrat Nurışev Füzuli Məcidliyə təqdim edib.

“Dostluq” ordeni Qazaxıstanın sosial-iqtisadi və mədəni inkişafına verdiyi töhfəyə, fəal ictimai fəaliyyətinə, habelə xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə verilir.

Beynəlxalq Türk Akademiyasının təsis olunması barədə qərar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (2021-ci ildən Türk Dövlətləri Təşkilatı) 2009-cu il Naxçıvan Zirvə toplantısında qəbul olunub. Qurum 2010-cu ildə Qazaxıstanda fəaliyyətə başlayıb. Akademiyaya üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. Macarıstan müşahidəçi statusuna malikdir. Beynəlxalq təşkilatın qərargahı Nur-Sultan şəhərində yerləşir.