Azərbaycanda turizmin inkişafı üçün vacib olan məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən orta və kiçik sahibkarlara dəstək məqsədilə təyinatlı və güzəştli kreditlərin ayrılmasıdır. Bu məsələ Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında da ayrıca bənd kimi göstərilib.
   
   İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu həm 2011-ci ilin “Turizm ili” elan olunmasını, həm də turizmin regionların sosial-iqtisadi inkişafında əhəmiyyətini nəzərə alaraq turizmlə bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirir. Bu barədə məlumat verən İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin sözlərinə görə, güzəştli kreditlər sahibkarlar tərəfindən təqdim olunan layihələrin əhəmiyyəti, prioritetliyi və s. nəzərdən keçirildikdən sonra ayrılır: “Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, fonda təqdim olunan layihələrin maliyyələşdirilməsində əsas meyarlardan biri kimi məhz neçə yeni iş yerinin yaranacağı götürülür. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Lənkəran, Xaçmaz və Şəki şəhərlərində maliyyələşən 4 layihədə 128 yeni iş yerinin açılması nəzərdə tutulur. Maliyyələşdirilmiş layihələrin monitorinqi zamanı da bu məsələyə xüsusi diqqət verilir. Həmçinin yeni yaradılan müəssisələrdə iş yerlərinin daimiliyi də şərtlər sırasındadır. Yaradılacaq iş yerlərinin neçəsinin daimi, neçəsinin müvəqqəti olacağı da layihələrdə göstərilməlidir. Çünki regionlarda yeni iş yerlərinin yaradılmasında turizmin rolu olduqca əhəmiyyətlidir. Bu istiqamətdə bütün potensialdan istifadə olunarsa, turizmdə çalışanlar məşğul əhalinin təxminən 10 faizə yaxınını təşkil edə bilər».
   
   «Xan Lənkəran» hoteli də kreditlə tikilib
   
   2011-ci ildə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun krediti hesabına tikilib istifadəyə verilən turizm obyektlərindən biri də Lənkəran rayonu ərazisində yerləşən «Xan Lənkəran» hotelidir.
   Hotelin baş meneceri Əlimuxtar Bağırov deyir ki, burada əvvəl restoran fəaliyyət göstərib. Sonradan müştərilərin arzusunu nəzərə alıb müəssisəni hotel-restorana çeviriblər: «Təbii ki, bunun üçün kifayət qədər ciddi vəsait lazım idi. Bu vəsaiti əldə etmək üçün layihə hazırlayıb Sahibkarlığa Kömək Milli Fonduna təqdim etdik. Bizə lazım olan vəsait ayrıldı. Hazırda obyekt tam hazır deyil. Layihənin ikinci hissəsini də həyata keçirmək üçün yenidən fonda müraciət etmişik. Yaxın vaxtlarda vəsaitin ayrılacağını gözləyirik».
   Ə.Bağırov bildirdi ki, ayrılacaq vəsaitlə hotelin içərisində «Məşədi İbad» hamamı tikmək niyyətindədir. Bundan əlavə, burada uşaqlar üçün əyləncə vasitələri inşa ediləcək, qonaqlara əlavə xidmətlər təklif etmək üçün paketlər tərtib olunacaq.
   Qeyd edək ki, qədim üslubda inşa edilən «Xan Lənkəran» hoteli butik tiplidir və zövqlü insanlar üçün nəzərdə tutulub. Hazırda 15 otaq turistlərin ixtiyarındadır. Bütün otaqlarda kondisioner, istilik sistemi, plazma televizor, internet sistemi var. Qiymət baxımından da hər təbəqədən olan turistlərin cibinə uyğun olan «Xan Lənkəran» hoteli 2011-ci ilin may ayından Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar