“Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi açılışı keçiriləcək
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilən Bursa bu missiyanı rəsmən qəbul edir. 30-31 mart tarixlərində Bursa şəhərində Türk dünyasının geniş nümayəndə heyətlərinin iştirakı ilə silsilə tədbirlər keçiriləcək.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti də martın 29-da Türkiyəyə yola düşüb.
“Bursa-2022: Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin açılış proqramı martın 30-da səhər saatlarında Osmanqazi və Orhanqazi türbələrinin ziyarət olunması ilə başlayacaq. Bursanın tarixi tikililərindən olan Uzunçarşıda Türk Dünyasının Mədəniyyət Paytaxtı Koordinasiya Mərkəzinin açılışı keçiriləcək. Axşam isə 20 ölkədən solist və bədii kollektivlərin – ümumilikdə 700-dək sənətçinin iştirakı ilə möhtəşəm açılış konserti olacaq.
Martın 31-də TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının növbədənkənar toplantısı keçiriləcək. Toplantıda təşkilatın gələcək fəaliyyəti ilə bağlı qərarlar qəbul ediləcək.
Qeyd edək ki, bu günlər TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin müxtəlif şəhərlərində silsilə Novruz mərasimləri keçirilib. “Türk dünyasının yeni gün görüşməsi – Novruz-2022” şüarı ilə gerçəkləşən mərasimlər son bir neçə gündə Bursanın Osmanqazi, Kestel, İnegöl, Gemlik rayonlarında davam edib.