Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon MKS və Bakı Modern Təhsil Kompleksi birlikdə "Kitabxana saatı" adlı yeni layihə həyata keçirir. Əsas məqsəd şagirdlərdə kitablara qarşı sevgi yaratmaq və onların mütaliə vərdişlərinin inkişaf etdirilməsidir.

Layihə üzrə Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanası və Bakı Modern Təhsil Kompleksi “Zoom” proqramı üzərindən dünya ədəbiyyatının tanınmış nümayəndələri və onların məşhur əsərləri haqqında məlumat verilir.

Layihə çərçivəsində artıq iki onlayn tədbir gerçəkləşib. Birinci tədbir məşhur ingilis uşaq yazıçısı Luis Kerrolun (1832-1898) 190 illik yubileyinə həsr olunub. MKS-nin əməkdaşı A.Əsgərova yazıçının "Alisa möcüzələr ölkəsində" əsərinin icmalını ingilis dilində şagirdlərə təqdim edib. Alisa obrazı xüsusi kostyum vasitəsilə uşaqlara obrazlı şəkildə təqdim olunub.

Növbəti tədbir tanınmış rus uşaq yazarı Korney Çukovskinin (1882-1969) "Həkim Aybolit" əsərinə həsr olunub. Bakı Modern Təhsil Kompleksinin müəllimi uşaqları tədbirin mövzusu ilə tanış edib. MKS-nin əməkdaşı S.Abbasova "Həkim Aybolit" əsərinin icmalını baş qəhrəmanın obrazına uyğun qiyafətdən istifadə etməklə məktəblilərə təqdim edib.