“Bakı Soveti”nin erməni-rus silahlı dəstələri 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törətdiyi soyqırımından 104 il ötür.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan yaralanıb, itkin düşüb. Mart qırğınları törədilərkən erməni-bolşevik quldurları bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, Bakıdakı “İsmailiyyə” binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb.

Mart qırğınlarının 104-cü ildönümü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi təqdim edilib. Virtual sərgidə mövzu ilə əlaqəli kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar yer alıb.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/31_Mart_Azerbaycanlilarin_Soyqirimi_Gunu/index.htm