Aprelin 1-də Bakı Bələdiyyə Teatrının yazıçı, Əməkdar incəsənət xadimi Firuz Mustafanın “Sehrbaz” əsəri əsasında hazırladığı tamaşanın premyerası keçiriləcək.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Nazim Əbidovdur. Rolları İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova oynayırlar. 

Firuz Mustafanın psixoloji dram janrında yazdığı əsərin səhnə həllində insanın həqiqətə tapınması, öz-özünə hesabat verməsi, yalanın çarmıxa çəkilərək həqiqət önündə diz çökməsi ön plana çəkilib.

Bir-birini  əvəz edən  gərgin hadisələr fonunda vaxtilə baş vermiş bir sıra müdhiş hadisələrin, sirlərin üstü açılır. Əsərdə sevgi, nifrət, xəyanət səhnələri obrazların  daxili aləminin açılmasında  əsaslı rol oynayır, eyni zamanda faciəvi və komik notlar bir-birini izləyir.