ABŞ-ın Kaliforniya ştatının Santa Klara rayonundakı Mauntin Vyu şəhərində keçirilən multikultural festivalda Azərbaycan da təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Şimali Kaliforniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) qatıldığı festivalda Ukrayna, Meksika, Türkiyə, Peru, İsrail və başqa ölkələrlə bağlı təqdimatlar olub.

Cəmiyyətin təşkil etdiyi Azərbaycan guşəsində ölkəmiz haqqında məlumat posteri, milli geyimlər, xalçalar, musiqi alətləri, suvenirlər, milli mətbəx nümunələri təqdim olunub. Soydaşlarımız guşənin önündə Azərbaycan rəqslərini, eləcə də birlik və həmrəylik rəmzi olan “Yallı” rəqsini nümayiş etdiriblər.

Azərbaycan guşəsinin proqramı festival ziyarətçilərinin marağına səbəb olub. Milli geyimli cəmiyyət üzvləri amerikalılara ölkəmiz haqqında məlumat verib, onlara Novruz şirniyyatlarının hazırlanma qaydasını nümayiş etdiriblər. Amerikalılar halay çəkən soydaşlarımızla birlikdə rəqs ediblər.

Yerli sakinlər ölkəmizə turistik səfər və Azərbaycanın görməli yerləri haqqında məlumatlarla da maraqlanıblar.