Martın 30-da Parisdə UNESCO-nun üç əsas orqanından biri olan İcraiyyə Şurasının 214-cü sessiyası işə başlayıb.

Aprelin 13-dək davam edəcək sessiyanın gündəliyində İcraiyyə Şurasının 212-ci və 213-cü sessiyalarının protokollarının təsdiqlənməsi, İcraiyyə Şurasının daxili nizamnaməsinin 59-cu maddəsinin tətbiqinə dair Baş direktorun hesabatının dinlənilməsi, UNESCO Baş Konfransının qəbul etdiyi proqramın icrası, 2020-2021-ci illər üçün maliyyə idarəçiliyinə dair hesabat, İcraiyyə Şurasının və Baş Konfransın əvvəlki iclaslarında qəbul edilmiş qərar və qətnamələrin monitorinqi, təhsil və mədəniyyət sahələri ilə bağlı məsələlər yer alıb.

Həmçinin sessiya çərçivəsində bir çox mühüm məsələlərlə yanaşı, irqçilik və ayrı-seçkiliyə qarşı mübarizə üzrə qurumun yol xəritəsinin həyata keçirilməsi kimi məsələlərə də toxunulacaq. Üzv dövlətlərin irqçilik və ayrı-seçkiliyə qarşı mübarizə üzrə təşkilatın təşəbbüslərini dəstəkləməyi davam etdirməsi, eləcə də bu istiqamətdə təşkilatla davamlı dialoqu inkişaf etdirmək məsələləri də müzakirə olunacaq.

Qeyd edək ki, İcraiyyə Şurası hər biri dörd il müddətinə seçilən 58 üzv dövlətdən ibarətdir. Azərbaycan 2021-ci ildə İcraiyyə Şurasına üzv seçilib.