Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, İsmayıllı şəhəri 2011-ci il üzrə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilib. Bununla bağlı rayonda müxtəlif tədbirlər keçirilir, İsmayıllı qədim ənənələrə malik sənətkarlıq məkanı kimi təqdim olunur, rayonun turizm imkanları nümayiş etdirilir. Biz də bu bölgənin qədim sənətkarlıq ənənələri tarixinə qısa nəzər saldıq.
Tarixçilərin bildirdiyinə görə, İsmayıllı ərazisində qədim Girdmanşah dövləti mövcud olub və dövlətin də siyasətinin bir hissəsi sənətkarlığı yüksək səviyyədə inkişaf etdirmək olub. İsmayıllı rayonunun Müdrü kəndində təsadüfi qazıntı zamanı tapılan Bunqar çalğı aləti mütəxəssislər tərəfindən eramızdan əvvəl III minilliyə aid edilir. Qədim sənətkarlıq ənənəsi bu gün də davam edir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, BDU-nun folklor kafedrasının müdiri, professor Azad Nəbiyev bildirir ki, İsmayıllı ta qədimdən sənətkarlıq mərkəzi olub: “Burada dulusçuluqdan başlayaraq misgərliyə, zərgərliyə qədər bir çox sənətkarlıq nümunələri hazırlanıb. Bu sənət nümunələri olduqca ecazkar olub. Tarixi mənbələrlə tanış olanda görürük ki, Azərbaycana gəlmiş səyyahlara Girdman şahlığı ərazisində yaşayan ustaların hazırladığı sənətkarlıq nümunələri hədiyyə edilib. Onlar da bu yadigarları şəxsi kolleksiyalarında qoruyub saxlayıb. Bu gün bu tarixi mədəniyyətin öyrənilməsi, sənətkarlıq ənənələrini yaşadan bölgələrimizin təbliği, tanıdılması böyük önəm kəsb edir”.
İsmayıllı rayonu ərazisində sənətkarlığın müxtəlif sahələri inkişaf edib. Həmin nümunələrə Milli Azərbaycan Tarixi Muzeyində, digər muzeylərdə rast gəlmək olar.
Yaşadılan ənənələr
Azərbaycanda mövcud olan 8 iqlim zonasından üçünə İsmayıllı rayonunun ərazisində rast gəlirik. Buranın qış fəsli quru, mülayim keçir, düzənliklərdə havalar isti, yağıntılar müntəzəm olur, dağlarda isə qış soyuq və rütubətli keçir. Rayonun gözəl təbiəti var. Meşəli dağlar, qayalar, çaylar, şəlalələr, İstisu, Babadağın yamaclarında dəniz səviyyəsindən 3500 metr yüksəklikdə 3 təbii göl, Kürdmaşı və Aşıqbayramlı kəndlərinin yaxınlığında düzəldilmiş üç süni göl çox mənzərəli olmaqla bərabər, həm də balıq ovu üçün münasib yerlərdir.
Bu rayonun adı rus ədəbiyyatının tarixinə də düşüb. Rus şairi Mixail Lermontov İsmayıllının Tircan kəndində olarkən orada Aşıq Qərib haqqında məşhur dastanı eşidib və onun əsasında "Aşıq Qərib" poemasını yazıb.
Qeyd edək ki, İsmayıllı rayonunda 109 yaşayış məntəqəsi var. Onlardan biri şəhər (İsmayıllı), ikisi şəhər tipli qəsəbə (Lahıc, Basqal), qalanı isə kəndlərdir.
Qədim dövrlərdən başlayaraq, bu rayonun ərazisində azərbaycanlılarla yanaşı başqa xalqların və etnik qrupların nümayəndələri - ləzgilər, yəhudilər, ruslar (İvanovka kəndində yaşayan molokanlar), lahıclar (farsdilli tayfa), hapıtlar (qədim albanların varisləri) da məskunlaşıb. Burada qədim xalq sənətlərinin və tətbiqi sənətin ənənələri qorunub saxlanılıb. Məsələn, rayonun Qalacıq və Təzəkənd kəndlərində xalçaçılıq, Lahıc kəndində misdən hazırlanmış, üzərində döymə naxışlar açılan qab və silah, dabbaqlıq, dəmirçilik, ağac və metal üzərində oyma kimi peşələr geniş yayılıb. Hətta bu kəndin mərkəzi küçəsində çoxlu dükan və emalatxanalar da mövcuddur. Məhz bu yolla ənənəvi sənətkarlıq bir nəsildən digərinə ötürülür. Lahıc qəsəbəsi öz misgərlik sənəti ilə dünyaya səs salıb.
Basqal kəndində isə qadınların milli baş örtüyü olan kəlağayı özünəməxsus formada hazırlanır. Belə ki, ipək parçadan hazırlanan kəlağayının naxışları basma üsulu ilə həkk edilir.
İsmayıllıdakı tarixi-mədəniyyət abidələri burada memarlıq sənətinin də tarixən yüksək inkişaf yolu keçdiyindən xəbər verir. Məsələn, rəvayətə görə, Qafqaz Albaniyasının hökmdarlarından biri olmuş Cavanşir Girdman çayının sol sahilindəki başqa bir dağın zirvəsində, Talıstan kəndinin yaxınlığındakı qalada yaşayıb. Sulut kəndində Qırxotaq qalası, Haram qülləsi, Xirəki müdafiə səddi və cümə məscidi də salamat qalıb. Maraqlıdır ki, yerli sakinlər Sulut kəndindəki Fitdağ qülləsini Makedoniyalı İsgəndər haqqında bir rəvayətlə bağlayırlar. Deyilənə görə, İsgəndər Qafqaza yürüşü zamanı burada düşərgə salmış, onun carçıları isə dağın zirvəsinə qalxıb oradan qızıl şeypurlarla bir-birinə xəbər çatdırıblar. Ona görə də həmin qülləyə Fitdağ qülləsi deyilir. Hazırda buradakı abidələrin çoxu dövlət tərəfindən mühafizə olunur. Lahıc və Basqal kəndlərində tarix-mədəniyyət qoruqları da yaradılıb.
Müxtəlif tədbirlər, rəngarəng təəssüratlar
2011-ci il üzrə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilən İsmayıllı özünün zəngin sənətkarlıq ənənəsini rəngarəng tədbirlərlə təsdiqləyir. İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasovun sözlərinə görə, rayonun «Azərbaycanın Sənətkarlıq Paytaxtı» elan edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb və icra olunmaqdadır. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı sərəncamına uyğun olaraq tədbirlər planı hazırlanıb. Rayon ərazisində olan istirahət mərkəzləri ilə mütəmadi əlaqə saxlanılır və monitorinqlər keçirilir. Rayona 2009-cu ildə 15 min, 2010-cu ildə 25 min turist gəlib. 2011-ci ilin 6 ayı ərzində bu rəqəm 27 mindən çox olub.
Rayonun turizm potensialının təbliği ilə bağlı işlər görülür. Mədəniyyət və turizm şöbəsinin internet saytı yaradılır. Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Kürdmaşı, Talıstan və İvanovka kəndlərinin kitabxanaları kompyuterlə təmin edilərək internetə qoşulub.
Şöbə müdiri onu da bildirdi ki, proqramın tədbirlər planının müəyyən bəndlərinin icrasını təmin etmək məqsədilə qəza vəziyyətində olan, həmçinin özəl binalarda yerləşən, habelə oxucusu və kitab fondu az olan kənd kitabxana filiallarının birləşdirilməsi ilə əlaqədar layihə hazırlanaraq nazirliyə təqdim olunub.
«Turizm ili» proqramı çərçivəsində rayon mədəniyyət və turizm şöbəsi məktəblilər arasında inşa yazı müsabiqəsi keçirib, 10 nəfər diplom və mükafata layiq görülüb. Bundan başqa, rayon Mədəniyyət evində Dərbənd Dövlət Dram teatrının iştirakı ilə «Taleyin oyunu» tamaşası göstərilib.
İsmayıllı şəhərindəki Heydər Əliyev adına mərkəzi meydanda xalq sənətkarlarının əl işlərindən ibarət zona sərgisinin keçirilməsi isə rəngarəng təəssüratlarla yadda qalıb. Sərgidə İsmayıllı, Qəbələ, Oğuz, Şəki və Şamaxı şəhərlərinin sənətkarlarının əl işləri nümayiş edilib. Sərgidə nümayiş olunan müxtəlif məhsullara baxış keçirilib, sənətkarlara fəxri fərman və pul mükafatları təqdim edilib. Tədbirin davamı olaraq Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil olunub.
Maraqlı məqamlardan biri isə rayonun Müdrü kəndindən olan sənətkar Əlican Cavadovun kənddə təsadüfi qazıntı zamanı tapılan və mütəxəssislər tərəfindən eramızdan əvvəl III minilliyə aid edilən Bunqar çalğı alətində ifa etdiyi xalq mahnılarının Amerikadan gəlmiş qonaqlarda da xoş təəssürat yaratması olub.
İsmayıllı şəhərinin “Azərbaycanın sənətkarlıq paytaxtı” seçilməsi ilə əlaqədar ilin sonunadək müxtəlif tədbirlərin - təntənəli mərasimlərin, elmi-praktiki konfransların, “dəyirmi masa”ların, müsabiqələrin, festivalların, sərgilərin, infoturların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bütün bunlar İsmayıllı rayonunun, ümumilikdə isə Azərbaycanın qeyri-maddi mədəni irsinin dünyada tanıdılmasında və təbliğində mühüm rol oynayacaq. Bu, həm də Azərbaycanın çoxəsrlik mədəniyyətinin qeyri-maddi mədəni irs nümunələrinin, sənətkarlığının qorunub-yaşadılmasına xidmət edəcək.
Mehparə