İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik və UNESCO-nun Baş direktoru Odri Azule iki qurum arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

İCESCO-nun baş ofisindən bildiriblər ki, Mərakeşin paytaxtı Rabat şəhərinin 2022-ci ildə “İslam Mədəniyyəti Paytaxtı” elan edilməsi çərçivəsində keçirilən görüşdə iki təşkilat arasında 2019-cu ilin noyabrında imzalanmış sazişin müddəalarının yerinə yetirilməsi müzakirə olunub. Tərəflər gənclərin dünyada sülhün bərqərar olması üzrə təlimlərdə iştirakı, sivilizasiyalar arasında dialoq ilə bağlı birgə tədbirlərin təşkili, süni intellekt sahələrində tədqiqatların aparılması, İslam irsinin qorunması və təbliği və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İCESCO rəhbəri təşkilatın bu yaxınlarda nəşr etdirdiyi “Sülh imkanlarının kəşf edilməsi” kitabını O.Azuleyə hədiyyə edib.