Anar Kərimov: “Dünyada baş verən proseslər bizi daha sıx birləşməyə çağırır”
44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olan və öz dəstəyini əsirgəməyən bütün türk dövlətlərinə təşəkkürümüzü bildiririk. Dünyada baş verən proseslər bizi daha sıx birləşməyə çağırır. Müasir qloballaşmanın mənfi təsirlərindən qorunmaq üçün bu, çox vacibdir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov bu fikirləri martın 31-də TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının fövqəladə iclasında söyləyib.
“Mədəniyyət paytaxtı” layihəsinin Türk dünyasının mədəni irsinin qorunması və təbliği istiqamətində önəmini qeyd edən Anar Kərimov Bursa şəhərinin bu işə öz töhfəsini verəcəyini bildirib.
Anar Kərimov çıxışında TÜRKSOY-un həyata keçirdiyi layihə və tədbirlərin – rəssamların sərgilərinin, teatr tamaşalarının, festivalların, dahi şəxsiyyətlərin yubileylərinin – genişmiqyaslı fəaliyyət olaraq Türk dünyasının mədəni irsinə, əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə olduğunu deyib.
Nazir TÜRKSOY-un mətbuat mükafatının əhəmiyyətini də vurğulayaraq, ötən il bu mükafatın Qarabağ həqiqətlərini dünyaya çatdıran jurnalistlərə təqdim olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sədrliyi ilə keçirilən iclasın açılışında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Bursa valisi Yakup Canpolat, Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş, Qırğızıstan mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Cümhuriyyəti Baş nazirinin müavini – turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Macarıstanın İstanbuldakı Baş konsulu Laszlo Kellerin çıxışları da dinlənilib.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy TÜRKSOY-un ümumi mədəni dəyərlərə malik türk dövlətlərini birləşdirən təşkilat olduğunu və bugünkü tədbirin əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsini müzakirə etməyə imkan verəcəyini vurğulayıb.
TDT Baş katibi Bağdad Amreyev mədəniyyətin insanları birləşdirdiyini və TÜRKSOY-un bu ideyanı təşviq etməyə çalışdığını vurğulayıb. Bildirib ki, münasibətlərimiz tələbə mübadiləsindən tutmuş ali təhsil müəssisələrinin əməkdaşlığınadək müxtəlif səviyyələri əhatə etməlidir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında TÜRKSOY-un reallaşdırdığı layihələrin Türk dünyası üçün əhəmiyyətini qeyd edib. G.Əfəndiyeva bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da, gənc təşkilat olmasına baxmayaraq, səmərəli fəaliyyət göstərir və bir sıra önəmli işlər görür. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etdiyini diqqətə çatdıran G.Əfəndiyeva Bursada “Şuşa İli”nin qeyd olunmasını təklif edib.
Türkmənistanın mədəniyyət naziri Atagəldi Şamuradov və Moldova Respublikası Qaqauz Yerinin Mədəniyyət və Turizm Baş İdarəsinin rəhbəri Marina Semionova iclasa videoformatla qatılıblar.
İclasda TÜRKSOY-un ötən dövrdəki fəaliyyətinə dair hesabatı dəyərləndirilib, təşkilati və cari məsələlər müzakirə edilib.
TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının Bursada keçirilən fövqəladə iclasında Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi ilə bağlı videotəqdimat olub.
Təqdimatda Qafqazın incisi Şuşa şəhərinin tarixi, mədəniyyəti, təbiəti, tarixi şəxsiyyətləri, 44 günlük Vətən savaşı sayəsində düşməndən azad edilən qədim türk yurdunda aparılan quruculuq və yenidənqurma işləri əksini tapıb.
TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının yekdil qərarı ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilib.
TÜRKSOY-un yeni baş katibi seçilib
Qırğız Respublikasının namizədi Sultanbay Raev TÜRKSOY-un yeni Baş katibi seçilib. Sultanbay Raev 2013-2014-cü illərdə Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm naziri olub, 2020-ci ildən Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini vəzifəsində çalışıb.
Çıxış edənlər 15 ilə yaxın TÜRKSOY-a rəhbərlik etmiş Düsen Kaseinova fəaliyyətinə görə təşəkkürlərini ifadə ediblər.
İclasda Düsen Kaseinova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub. Mükafatı Azərbaycanın mədəniyyət naziri Anar Kərimov təqdim edib. Qeyd edək ki, Düsen Kaseinov Prezident İlham Əliyevin 9 mart 2022-ci il tarixli sərəncamı ilə TÜRKSOY-da səmərəli fəaliyyətinə və təşkilatın üzv dövlətləri arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə təltif olunub.