Cəfər Cəfərov: “Turizmin inkişaf etdiyi regionlarda peşə məktəblərinin şəbəkəsini yaradacağıq”
   
   Ölkə prezidentinin 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında ilin sonuna qədər Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması, həmçinin turizm şirkətlərində, mehmanxana və restoranlarda çalışanların peşə hazırlığını artırmaq üçün ixtisaslaşmış treninqlərin keçirilməsi də nəzərdə tutulub.
   
   Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, ATİ-nin nəzdində Milli Təlim Mərkəzinin yaradılması ölkə başçısı tərəfindən ötən ilin aprelində təsdiqlənmiş «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nda nəzərdə tutulub: «Bu mərkəzin yaradılması çərçivəsində biz ATİ-nin nəzdində peşə məktəbinin və yaxud da turizm kollecinin yaradılması ilə bağlı müvafiq sənədləri hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişik. Belə bir peşə məktəbinin yaradılmasının hazırkı dövrdə böyük əhəmiyyəti var. Turizmin bir istiqaməti də hotel biznesidir. Hoteldə işləyən insanların uzağı 20 faizi ali təhsilli insanlar olur. Qalan personal üçün peşə təhsili kifayətdir. Peşə təhsili ilə bağlı məsələ indiyə qədər diqqətdən kənarda qalıb. Amma ötən ildən ölkə başçısı tərəfindən imzalanan «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı»nın tələblərinə uyğun olaraq bu istiqamətdə müəyyən işlər görülür. Bunun bütün ölkə ərazisində şəbəkə formasında həyata keçirilməsinə ehtiyac var. Odur ki, gələcəkdə peşə məktəbinin respublikamızın bölgələrində filiallarının açılması da gündəmdədir”.
   C.Cəfərovun sözlərinə görə, hazırda ölkənin ayrı-ayrı yerlərində turizm infrastrukturunun yaradıldığını, yeni obyektlərin tikintisini nəzərə alsaq, bu bölgələrdə turizm peşə təhsili məktəblərinin təşkili vacibdir: “Məlum olduğu kimi, Şahdağ qış-yay turizm kompleksi layihəsi sürətlə davam edir, gələn il burada ilk hotel istifadəyə veriləcək. Oraya bütün işçilərin kənardan dəvət edilməsi iqtisadi cəhətdən sərfəli olmaz. Yaxşı olar ki, məhz elə o regiondan, Qusardan, Xaçmazdan yerli əhali arasından gənclərdən seçək, Şahdağ kompleksi üçün kadrlar hazırlayaq. Nəzərə alaq ki, bu kompleks tam şəkildə işə düşəndən sonra burada 5 minə yaxın işçi çalışacaq. Üstəlik, hazırda ölkə ərazisində yeni mehmanxanalar, turizm obyektləri tikilir. Bu hotellərdə işləmək üçün peşə təhsilli kadrlara ehtiyac var».
   Rektor bildirdi ki, ilkin mərhələdə turizm peşə məktəbinin Təhsil Nazirliyinin nəzdində olan peşə məktəblərinin birinin bazasında yaradılması nəzərdə tutulur: “Bununla bağlı Təhsil Nazirliyi tərəfindən də müsbət mövqe bildirilib. Bu məsələnin «Turizm ili» ilə bağlı dövlət başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planına daxil edilməsi bizdə ümid yaradır ki, ilin sonuna qədər peşə məktəbi yaradılacaq. Yaxın gələcəkdə isə turizmin inkişaf etdiyi regionlarda bu peşə məktəblərinin şəbəkəsini yaradacağıq. Bununla da turizm sektorunda orta texniki peşə təhsilli kadrlara tələbat əsaslı şəkildə həllini tapmış olacaq: “Bu peşə məktəblərində dərslər auditoriyalardan daha çox turizm-istirahət obyektlərində aparılacaq, yəni tələbələr bilavasitə iş başında sənətin sirlərini öyrənəcəklər. Elə bizim istədiyimiz də odur ki, bu peşə məktəblərinin bazaları həm treninq mərkəzi rolunu oynasın, həm Turizm İnstitutu tələbələrinin praktika sahəsi olsun, həm də turizm bazarına xidmət göstərən müəssisə kimi fəaliyyət göstərsin».
   Rektor bildirdi ki, artıq xarici ölkələrin bu tipli təlim mərkəzləri ilə də danışıqlar aparılıb: «Onların təlim modullarından istifadə etmək niyyətindəyik”. 
   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar