Aprelin 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Motsartın  “Fiqaronun toyu“ operasının tamaşası keçiriləcək.

“Fiqaronun toyu“ operası Motsartın libretto müəllifi Lorenso da Ponte ilə ilk birgə işidir və məhz bu opera bəstəkara böyük şöhrət gətirib. Bəstəkar 1785-ci ilin qışında opera üzərində işə başlamış və artıq beş ay sonra – 1786-cı il mayın 1-də Vyanada operanın ilk tamaşası baş tutmuşdu. Elə ilk tamaşadan opera bəstəkara böyük uğur gətirdi və tamaşaçılar tərəfindən bəyənildi.

“Fiqaronun toyu“ əyləncəli səhnələr, sevgi intriqaları ilə zəngin olan komik operadır. Da Pontenin librettosu inandırıcılığı, Motsartın musiqisi isə zərifliyi ilə tamaşaçıları heyran edir.

Akademik Opera və Balet Teatrında təqdim olunacaq tamaşada azərbaycanlı opera sənətçiləri ilə yanaşı, Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Xalq artisti Vladimir Qromov (Qraf Almaviva) və Sankt-Peterburq Mariinski Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Məhərrəm Hüseynov (Fiqaro) çıxış edəcəklər. Teatrın aparıcı solistləri – Əməkdar artistlər Fəridə Məmmədova Qrafinya, İnarə Babayeva Suzanna, İlham Nəzərov Kerubino, Tural Ağasıyev Bazilio, Xalq artistləri Əli Əsgərov Antonio, Əkrəm Poladov Bartolo partiyalarını ifa edəcəklər.

Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.