Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti, “AzerNyuMedia” şirkəti və “Avto FM”in birgə layihəsi olan “Danışır Şuşa!” radio proqramı davam edir.

Hər həftənin cümə günləri “107.7 FM” dalğasında yayımlanan proqram həm də Mədəniyyət Nazirliyinin “Şuşa söhbətləri” layihəsinin tərkib hissəsidir.

Bu ilin fevralından efirə gedən layihənin 10-a yaxın buraxılışı təqdim olunub. Beş rubrikadan – “Unutma”, “Qafqaz mirvarisi”, “Şuşa kimi tarix”, “Şuşa tərzi” və “Zəfər yolu” rubrikalarından ibarət olan layihə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, mətbəxinə, bu şəhərdə dünyaya göz açmış və onunla əbədi bağlılığı olan şəxsiyyətlərin həyat yolu və fəaliyyətinə işıq salır.

Layihənin əsas məqsədlərindən biri də Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin Qarabağda, xüsusilə Şuşada tarixi-mədəni abidələrdə apardığı monitorinqlər barədə məlumatların daha geniş auditoriyaya təqdim edilməsidir.

Bu günə qədər Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Əməkdar memar Ədalət Məmmədov, Əməkdar artist Tahir İmanov, tarixçi Faiq İsmayılov, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva və digərləri “Danışır Şuşa!” proqramının qonağı olub.

Layihənin sonuncu buraxılışında (1 aprel) Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin əməkdaşı Fariz Hüseynli Dövlət Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərindəki abidələrdə aparılan monitorinqlər barədə məlumat verib.

Buraxılışda “Şuşa kimi tarix” rubrikasında siyasi elmlər doktoru, professor Elçin Əhmədov mədəniyyət paytaxtımız Şuşadakı bəzi abidələr haqqında məlumat verib. Daha sonra şairə, bəstəkar, bloger Zəhra Bədəlbəyli “Qafqaz mirvarisi” rubrikası üzrə Şuşa haqqında yeni layihəsi barədə söz açıb.

Qeyd edək ki, “Danışır Şuşa!” radio layihəsi "AzMan Holdinq" şirkətinin sponsorluğu ilə yayımlanır.