Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (MİM) kollektivi bu təhsil ocağının yaradılmasının 85 illiyi və Dünya Gülüş Günü (1 aprel) münasibətilə Şəki musiqisevərlərinə “Gülüşümün vətəni Şəkim” adlı konsert proqramı təqdim edib.

Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, mədəniyyət işçiləri, musiqisevərlər iştirak ediblər.

Tədbirin əvvəlində Şəkinin görkəmli gülüş ustaları, bəstəkarları, aktyorları haqqında videoçarxlar və kinofilmlərdən fraqmentlər nümayiş olunub. Sonra MİM-in direktoru, dosent Əziz Qarayusifli (klarnet), Şahnaz Muradova (kamança), Sevinc Kərimova (fortepiano) və Bəturə Əhmədovanın (qanun) birgə ifasında Ü.Hacıbəylinin musiqili komediyaları əsasında popurri səsləndirilib.

Daha sonra konsert proqramı təqdim olunub. Bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tərlan Nəsibov çıxış edərək Mərkəzi İncəsənət Məktəbinin kollektivinə yubiley münasibətilə təbriklərini çatdırıb, maraqlı konsert proqramına görə təşəkkürünü bildirib.

Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli konsertin təşkilinə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə, Şəki RMİ-yə və musiqisevərlərə minnətdarlığını bildirib.

Şəkiyə səfər çərçivəsində Mərkəzi İncəsənət Məktəbinin müəllimləri tərəfindən Şəki RMİ-nin tabeliyindəki Şəki şəhər Uşaq incəsənət məktəbində ustad dərsi də keçirilib. Əziz Qarayusifli (klarnet), Mənsurə Quliyeva (fortepiano), Şahnaz Muradova (kamança), Nəbi Quliyev (tar) və Humay Süleymanlı (vokal) tərəfindən gerçəkləşdirilən ustad dərsində Şəki, Oğuz və Qaxdan bədii təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər.