Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bu ilin fevralında İranda keçirilən 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında iştirakı barədə xəbər vermişdik.

Bu günlərdə beynəlxalq festivalın təşkilatçıları Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə təşəkkür məktubu ünvanlayıb.

İran Bədii Sənətlər Mərkəzi Beynəlxalq əlaqələr şöbəsinin direktoru Müjgan Vəkilinin imzası ilə daxil olan məktubda Akademik Musiqili Teatrın 40-cı “Fəcr” festivalında uğurlu iştirakına görə məmnunluq bildirilir, iki ölkə arasında mədəni əlaqələrin gələcək inkişafına təkan verən layihələrin davamlı olması arzulanır. Həmçinin minnətdarlıq ifadəsi olaraq həmin festivalda nümayiş olunan tamaşaların rejissorlarına peşəkarlıqla hazırladıqları səhnə əsərlərinə görə təşəkkürnamələr göndərildiyi vurğulanır.

Rejissorlara göndərilən təşəkkürnamələri İran Bədii Sənətlər Mərkəzinin direktoru Qadir Aşna və “Fəcr” festivalının direktoru Hüseyn Mustafeh Astaneh imzalayıblar.

Xatırladaq ki, Akademik Musiqili Teatr həmin festivalda tanınmış rejissor, Xalq artisti Cənnət Səlimovanın quruluşunda “Utancaq qız” (F.Dostoyevski) fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşanı və rejissor Samir Qulamovun 44 günlük Vətən müharibəsindən bəhs edən “Bir nəfəs qədər” pyesi əsasında və quruluşunda hazırlanan eyniadlı səhnə sərini təqdim etmişdi.