Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən fövqəladə iclasında bir sıra görüşlər keçirib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşdə Günay Əfəndiyeva türk xalqlarının qədim mədəni irsinin təbliği və təşviqi istiqamətində təşkilatın fəaliyyətindən söz açıb. Günay Əfəndiyeva Fondun qurucu üzv ölkəsi olan Türkiyə ilə iş birliyinin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib. Fondun prezidenti cari il üzrə nəzərdə tutulmuş planlar haqqında məlumat verib, birgə layihələrin həyata keçirilməsinin önəmini diqqətə çatdırıb.

Nazir Mehmet Nuri Ersoy Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının qədim mədəniyyətinin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib. O, Fondla əməkdaşlıq sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyinə toxunaraq nəzərdə tutulan məqsədyönlü layihələrə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını dilə gətirib.

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti G.Əfəndiyevanın Bursada Qırğızıstanın mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov ilə də görüşü olub. 

Görüşdə Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın üzv ölkələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin türk xalqlarının qədim mədəni, mənəvi dəyərlərinin beynəlxalq aləmdə təbliğinə, eləcə də Türk dünyasının həmrəyliyinə töhfə verəcəyini vurğulayıb. Fondun prezidenti Qırğızıstanın mədəni irsinin tanıdılması yönündə təşkilat tərəfindən həyata keçirilmiş layihələrdən söz açıb. O, Fondun qurucu üzv dövlətlərindən olan Qırğızıstanla mövcud tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Qırğız nazir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının zəngin tarixinin, mədəniyyətinin qorunması, öyrənilməsi, eləcə də ölkələrimiz arasında birliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib, təşkilatla əməkdaşlığa xüsusi önəm verdiklərini söyləyib.

Nazir Azamat Camanqulov Fondun görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığının tanıdılması çərçivəsində gördüyü işləri təqdirəlayiq hesab etdiyini bildirib. O, eyni zamanda Fondun prezidentini Qırğızıstana rəsmi səfərə dəvət edib.