Aprelin 5-dən 10-dək Avrasiya Teatr Birliyinin təşkilatçılığı ilə İstanbulda Maltəpə Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində “Tunçcer Cücenoğlu teatr günləri” keçiriləcək.

“Barışa bəli!” şüarı altında dünyanın müxtəlif ölkələrinin mədəniyyət və incəsənət nümayəndələrini birləşdirən festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru, Prezident mükafatçısı İradə Gözəlova təmsil edəcək.

Rejissor bu səfəri ilə həm də Akademik Musiqili Teatrın sülh çağırışlı videoçarxını geniş sənət auditoriyasına çatdırmaqda bir vasitəçi olacaq.

Qeyd edək ki, festivalın formatına uyğun olaraq hazırlanan qısa videoçarxda Akademik Musiqili Teatrın konsertmeysteri, Prezident təqaüdçüsü Kamil Həsənovun müşayiəti ilə Əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyevin ifasında “Ey Vətən!” mahnısı səsləndirilir.