Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) məzunu, respublika və beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov və akademiyanın tələbəsi Leyla Zeynalovanın (hər ikisi piano) iştirakı ilə konsert proqramı keçirilib.

Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində gerçəkləşən musiqi axşamında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.

Konsertdə gənc pianoçuları respublika və beynəlxalq müsabiqələr laureatı, dirijor Mustafa Mehmandarovun idarəçiliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. İstedadlı gənclər rus bəstəkarları Dmitri Şostakoviç və Sergey Raxmaninovun əsərlərini yüksək peşəkarlıqla səsləndiriblər. Gənclərin ifası maraqla qarşılanıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi gənclər arasında Azərbaycan musiqi mədəniyyətinin təbliği, onların musiqi və estetik zövqünün formalaşdırılması məqsədi daşıyır. Layihənin hədəfi həm də istedadlı gənclərin üzə çıxarılması və geniş auditoriya tərəfindən tanınmasına vəsilə olmaqdır.