64-cü “Qremmi” mükafatının qalibləri aprelin 3-də ABŞ-ın Las-Veqas şəhərindəki “MGM Grand Garden Arena”da keçirilən mərasimdə elan edilib. Ötən il pandemiya səbəbindən onlayn formatda gerçəkləşən təqdimat bu dəfə ənənəvi formatda reallaşıb.  Xatırladaq ki, daha öncə yanvarın 31-də Los-Ancelesdə keçirilməsi nəzərdə tutulan  mərasim ABŞ-da koronavirusun “omikron” ştammının sürətlə yayılmasına görə ertələnmişdi.

64-cü “Qremmi” mükafatının “İlin ən yaxşı mahnısı” nominasiyası üzrə qalibi “Silk Sonic” (Bruno Mars və Anderson Paak) qrupunun “Leave The Door Open” hiti seçilib. Qrup bu nominasiyada Ed Şiran, Alişa Keys, Olivia Rodriqo, Billi Ayliş, Castin Biber, Brendi Karlayl kimi ifaçıları qabaqlayıb.

Olivia Rodriqo müsabiqənin “ən yaxşı yeni ifaçısı” seçilib. İlin albomu Con Batistin “We Are” albomu olub.

“Ən yaxşı pop albom” mükafatına Ledi Qaqa və Toni Bennetin “Love for Sale”, mahnısı layiq görülüb.

Amerika rok qrupu “Foo Fighters” üç nominasiyada – “Medicine at Midnight” mahnısına görə “Ən yaxşı rok albomu”, “Waiting On a War” mahnısına görə “Ən yaxşı rok mahnısı” və “Making a Fire” mahnısına görə “Ən yaxşı rok ifası” nominasiyalarında “Qremmi” mükafatlarını qazanıb. Lakin “Foo Fighters”in zərb ifaçısı Taylor Hokinsin martın sonunda Cənubi Amerika turnesi zamanı vəfat etdiyi üçün qrupun üzvləri mükafatlandırma mərasiminə qatılmayıblar.

“Qremmi” musiqi dünyasının ən nüfuzlu müsabiqəsi sayılır. Mükafat 1958-ci ildə Amerika Səsyazma Şirkətləri Assosiasiyası tərəfindən təsis edilib.

V.Kamal