Oman Sultanlığının əş-Şərkiyyə vilayətinin Dammam şəhərindən gəlmiş turistlər AMEA Hüseyn Cavidin Ev-Muzeyinin qonağı olublar.

Muzeyin ekspozisiya zalları ilə tanış olan qonaqlara dahi Azərbaycan şairinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, onun səhnə əsərlərində qaldırılan bəşəri problemlərin bu gün də aktual olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Hüseyn Cavid irsi, dünyanın bir sıra ölkələrinin aparıcı elm və tədris müəssisələrində olduğu kimi, Omanın Sultan Qabus Universitetində də tədqiq olunub.

Omanlı rəssam Lena Salman ölkəmizin təsviri sənəti haqqında çox oxuduğunu və qonağı olduğu muzeyin eksponatları arasında yer alan görkəmli Azərbaycan rəssamları və heykəltəraşlarının əl işlərinin onda yüksək təəssürat oyatdığını bildirib. Onun həyat yoldaşı geoloq Mohammed əl-Nəmər də muzeyə ekskursiyadan məmnun qaldığını söyləyib.

Qonaqlar muzeyin rəy kitabına ürək sözlərini yazıb, xatirə şəkli çəkdiriblər. Onlara muzeyin nəşr etdirdiyi “Cavid hikməti: seçmə aforizmlər” kitabı hədiyyə olunub.