Tofiq Cavadov rəngkarlığının estetikası haqqında
Əgər iyirminci yüzilliyin birinci yarısını şərti olaraq Azərbaycan rəssamlarının “sosialist realizmi” bədii prinsipinə uyğunlaşma mərhələsi hesab etmək mümkündürsə, İkinci Dünya müharibəsindən sonrakı ilk on ili bədii məkanda yeni axtarışlar dövrü kimi dəyərləndirmək olar.
Gənc rəssamların SSRİ-nin mərkəzi şəhərlərində təhsil alıb Bakıya qayıtmaları ilə yanaşı, doğma şəhəri tərk etmədən də sovet məkanında baş verən bədii proseslərdən xəbərdar olmaları o qədər də geniş olmayan rəssamlıq məkanında duyulası rəqabət yaratmışdı. Məşhur təhsil ocaqlarında oxuyub vətənə qayıdan istedadlı rəssamların sırasında Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Nadir Əbdürrəhmanov, Toğrul Nərimanbəyov, Vəcihə Səmədova və başqaları vardı. Sankt-Peterburqdakı ali təhsil ocaqlarında sənətin sirlərinə yiyələnmək əvəzinə, bu şəhərdəki Dövlət Ermitajında P.Sezann yaradıcılığını və Etnoqrafiya Muzeyində türk xalqlarının qədim mədəniyyətini dərindən öyrənən Mircavad Mircavadov isə Bakıya qayıdıb Abşeronun Buzovna kəndində kirayələdiyi bağ evində eksperimentlər aparmaqda, müxtəlif yaşlı əqidə dostları ilə milli mənəvi dəyərlərimizə söykənən yeni və fərqli sənət estetikasının sirlərini bölüşməkdə idi.
Amma onun məkana və zamana uyğun gəlməyən “yenilikləri”nin sorağı çox tezliklə bütün Bakıya, xüsusilə də ideoloji dairələrə yayılır. Həmin bağ evinin sahibi – ali məktəblərin birində Sovet İttifaqı Kommunist Partiyasının tarixi fənnini tədris edən professor da gənc rəssamın bədii axtarışlarını bir çoxları kimi “antisovet addım” sayaraq ondan bağı boşaltmağı xahiş edir. Beləliklə, rəssamın gərgin yaşantılarının üzərinə daha bir sıxıntı əlavə olunur. 37 yaşında Qobustana getməsi və oradakı qaya rəsmləri ilə tanışlığı, az sonra milli miniatürlərimizi dərk etməsi, mifologiya və xalq sənəti ənənələrini öyrənməsi onu bir rəssam kimi yetkinləşdirir. Onun simasında dünyaya orijinal baxışın mümkünlüyü başqalarına da yaradıcı impuls verir və 60-cı illər rəngkarlığımızda rəssamın qardaşı Tofiq Cavadovun, eləcə də Əşrəf Muradoğlunun, Qorxmaz Əfəndiyevin, Müslüm Abbasovun və sonralar yaradıcı mövqeyini dəyişən Rasim Babayevin sosialist ideologiyasına xidmət etməyən əsərləri yaranır. Nə etdiklərini bilən bu nonkonformist rəssamlar əslində o vaxtlar çəkdiklərinə görə təqdir olunacaqlarına heç ümid də bəsləmirdilər, amma özlərini bildikləri kimi ifadə etməkdəydilər...
Bu yazıda Mircavad Mircavadovun altmışıncı illərdə faciəvi şəkildə həlak olan kiçik qardaşı Tofiqin qısa, ancaq çox mənalı yaradıcılıq yoluna nəzər salacağıq.
Tofiq Cavadov (təhsil illərində Mircavadov familiyasını daşımışdır) ali təhsil almamış, təkcə “Əzimzadə məktəbi”ndə oxumaqla kifayətlənmişdi. Zamanında bu məktəbin az qala beynəlxalq nüfuz qazanmasını nəzərə alsaq, bəlkə də onun Rusiya təhsil ocaqlarına üz tutmasına, doğrudan da, ehtiyacı olmamışdı. Amma elə ilk əsərləri onun gerçəkliyə çox fərqli baxışa malik olduğunu təsdiqləmişdi.
Bununla belə, əllinci illərdə böyük qardaşı Mircavadın milli sənət məkanına gətirdiyi duyulası “gərginliyin” yeni çalarlarla zənginləşməsində Tofiqin az rolu olmamışdı. Bütün “izm”lərin başlanğıcı hesab olunan realizmi miniatür və milli maddi-mədəniyyət qaynaqları estetikası ilə yeniləşdirən gənc rəssamın az sonra T.Salahovun əsərlərində “sərt üslub” kimi tanınmasında da təkanverici rolu olmuşdu, desək, həqiqəti söyləmiş olarıq. Odur ki, bu yerdə deməliyik ki, sənət tarixində “sərt üslub”un yaranışı bilavasitə T.Salahovun adı ilə bağlansa da, əslində, bu yeni bədii baxışın estetikasında Tofiq Cavadovun əsərləri ilə səsləşən məqamların kifayət qədər qabarıq olduğunu etiraf etməliyik. Başqa sözlə desək, onu sonralar T.Salahova böyük şöhrət gətirəcək “sərt üslub”un ilk qaranquşu hesab etmək olar.
Doğrudan da, Tofiqin istər sənaye, istərsə də Abşeron mənzərələrində, eləcə də portret nümunələrində müşahidə olunan özünəməxsusluqda ənənə ilə müasirliyin cəlbedici və duyğulandırıcı vəhdətini görmək mümkündür. Ömrünün 38-ci ilində gözlənilməz bir halda fələyin ona qıymasına “alın yazısı” demək olardımı? Amma gözləri bir qədər zəif görən Tofiqin Moskva ətrafındakı stansiyalardan birindən tərpənməkdə olan elektrik qatarının vaqonlarının arasını qapı bilib özünü təkərlərin – ölümün qucağına atması onun gələcəyinə ümidli olan insanların arzularını gözündə qoydu...
Bununla belə, əminliklə demək olar ki, Tofiq Cavadov “Abşeronçu”ların arasında ilk rəssam idi ki, çox qısa zaman kəsiyində dünyaya realist-gerçəkçi baxışın özünəməxsus estetikasını tapmış və sənətkar “mən”ini təsdiqləmişdi. Böyük qardaşının daha çox mücərrəd kompozisiyalar yaratdığı bir vaxtda Tofiq çoxlarına tükənmiş kimi görünən realizmi “təftiş” etməkdə, onun görünməyən qatlarında yeni bədii-estetik dəyərlər axtarmaqda idi.
Əlavə edək ki, o vaxtlar çox gənc olan rəssamın bunu qədim miniatür üslubundan faydalanmaqla gerçəkləşdirməsi çox diqqətçəkən idi. Miniatürdən gəlmə şərtiliyə və rəng şuxluğuna bir qədər də bədii lakoniklik bəxş edən gəncin, öz-özlüyündə Azərbaycan təsviri sənətinə yeni ifadə tərzi gətirməsi danılmaz idi. Bunu onun əllinci illərdə yaratdığı “Tofiqin portreti” (1955), “Operatorun portreti” (1958), “Avtoportret” (1958), “Növbədən gələnlər” (1959), “Külək” (1959), “Natürmort” (1959), “Buzovna” (1960) və s. əsərləri də təsdiqləyir...
Rəssamın bundan sonra cəmisi üç il davam edən altmışıncı illər yaradıcılığını da şərh etməli olsaq, onda həmin dövrün kifayət qədər məhsuldar və fərqli estetika ilə seçildiyini deməliyik. Əgər bu əsərlərin timsalında Tofiq Cavadov dəst-xəttini dəyərləndirməli olsaq, ilk növbədə onun çoxlarına “qorxulu” görünən qara rəngə münasibətini qeyd etməliyik.
Rəssamın palitrasında qabarıq görünməyə başlayan qara rəngin müxtəlif formatlı və janr daşıyıcısı olan kətanlarda daha çox dramatikliyin ifadəçisinə çevrildiyi açıq görünməkdədir. Bu, əslində, Azərbaycan təsviri sənətində çoxlarının “çəkindiyi” – ehtiyatla istifadə etdiyi rəngə Əşrəf Murad tapınmasının, yüzilliyin son qərinəsində isə Qəyyur Yunus qayıdışının özünəməxsus estetika ilə təqdimatı idi. Bu cür bədii şərhdə məlum mütərəqqi “izm”lərə yaradıcı münasibətlə yanaşı, həm də miniatür və xalça təfəkkürünün bədii-fəlsəfi improvizələrlə təqdimatı idi. Odur ki, Tofiq Cavadov qarası həm də müəllif niyyətinin ona arzuladığı tutumda əyaniləşdirilməsinə yardımçı ola biləcək “işıq” idi. Başqa sözlə desək, həm də müxtəlif “izm”lərdən şirələnən bu “qara rəng”in işığı rəssam üçün nüfuzedici, seyrçi diqqətini ovsunlaya biləcək bədii vasitə idi. Rəssamın “Şamamalarla natürmort” (1960-1961), “Sənaye mənzərəsi” (1960), “Həvəngdəstə ilə natürmort” (1960-1963), “Lökbatan” (1961), “Çənlər” (1961), “Şəhər mənzərəsi” (1962), “Yatan uşaq” (1962-1963), “Külək” (1963) və s. əsərlərində vurğuladığımız məziyyətləri görmək mümkündür...
Həmin dövrü bir qədər də incələməli olsaq, onda zamanında islahatçı qardaşı Mircavad Mircavadovun nonkonformist mövqeyi – “sosialist realizmi” məkanına yeni nəfəs gətirmək istəyi gerçəkləşəndə, bununla paralel olaraq Azərbaycan bədii məkanı Tofiq Cavadov təxəyyülünün məhsulu olan özünəməxsus əsərlərlə zənginləşdiyini deməliyik. Bu dövrdə qardaşlarla yanaşı, onların xalası oğlu Rasim Babayev, Kamal Əhməd, Fərhad Xəlilov, Nazim Rəhmanov, Əlövsət Əliyev, Rafael Muradov, Mirnadir Zeynalov və başqaları əqidə birliyi nümayiş etdirməklə, əslində amansızlığını dəfələrlə sübut etmiş rejimə “ağ əlcək” atdıqlarını sərgiləmiş oldular. Qənaətimizcə, mahiyyətinə görə fransız “Barbizonçular”ından heç də geri qalmayan “Abşeronçu”ların fəaliyyəti hamı üçün maraqlı görünə biləcək ekran əsərinin mövzusu ola bilərdi...
Sonda deyək ki, sovet dönəmində, özü də SSRİ-nin rəhbəri N.S.Xruşşovun 1962-ci ildə Moskva Rəssamlar İttifaqının 30 illiyinə həsr olunmuş “Yeni reallıq” qrupunun avanqard ruhlu sərgisinə sərt münasibətindən sonra əyalət kimi qəbul olunan Azərbaycanda müasir ruhlu, ən başlıcası isə “sosialist realizmi” bədii prinsipinə “Yox!” deyən yaradıcıların fəaliyyət göstərməsi və ümumi axının əksinə getməsi qeyri-adi cəsarət nümunəsi kimi qəbul olunmalıdır. Düzdür, o vaxtlar – Stalin repressiyası dövrünün artıq arxada qaldığı bir dövrdə əks fikirliləri yeni həbs dalğası gözləmirdi. Amma “dovşanı araba ilə tuta bilən” sovet rejimi ipə-sapa yatmayan “üsyankar sənətkarlar”a təsir etməyin başqa yollarını tapmışdı. Onlar çox vaxt bunun yeganə yolunu “nonkonformistlər”in çəkdiklərini sərgi salonlarına buraxmamaqda, Bədii Fonddan ala biləcəkləri sifarişlərdən – maddi dəstəkdən məhrum etməkdə görürdülər. Amma bu əqidə adamları, bütün qadağa və təpkilərə baxmayaraq, öz yollarından dönmədilər və son nəticədə bu gün, elə bundan sonralar da Azərbaycan rəssamlığına başucalığı gətirəcək bir bədii-ideoloji hadisənin yaradıcıları oldular. Bu gün – duyulası zaman distansiyasından əminliklə deyə bilərik ki, sovet dönəmində sənətini, əqidəsini qırmızı bayrağın tərənnümünə və maddiyyata təslim edənlərin çəkdikləri çoxdan tarixin heç vaxt axtarılmayacaq saxlancına gömülübdür. Əksinə, bu gün həm də “nonkonformistlər” kimi tanınan rəssamların zamanında “sandıq rəssamlığı” kimi dəyərləndirilən müxtəlif mövzulu – “qadağalı” əsərləri isə yerli muzey ekspozisiyalarını, xarici ölkələrin çox nüfuzlu şəxsi kolleksiyalarını bəzəməkdədir. Bu, əslində, həm də əsl sənətə sədaqətin uğurlu nəticəsidir...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor