Xəbər verdiyimiz kimi, aprelin 4-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olub.

Bu münasibətlə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün ötən onilliklər ərzində bir çox işlərin reallaşmasına nail olunub. Ticari-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə konstruktiv siyasi dialoq, səmərəli əməkdaşlıq genişlənir. Keçən il və inişil bağlanmış üçtərəfli müqavilələrə əsasən, Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzərində birlikdə işləyirik”, – deyə məktubda qeyd olunur.

Məktubda vurğulanır ki, bu il mühüm nailiyyətlə – Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə əlamətdardır: “Əminəm ki, ikitərəfli münasibətlərin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması xalqlarımızın təməl maraqlarına uyğun gəlir”.

Prezident İlham Əliyev də əlamətdar yubiley münasibətilə Rusiyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur ki, ötən 30 il ərzində xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmət və etimad, bir-birinin mənafelərinin nəzərə alınması prinsipləri əsasında strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla inkişaf edib və möhkəmlənib.

Məktubda dərin tarixi köklərlə, mənəvi və mədəni yaxınlıqla bağlı olan xalqlarımız arasında dostluğun, mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində mədəni-humanitar münasibətlərin rolu xüsusi qeyd olunur: “Mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, Azərbaycanda rus dilinin və rus mədəniyyətinin dövlət səviyyəsində hərtərəfli dəstəklənməsi, Azərbaycanın məktəblərində və ali təhsil müəssisələrində rus dilində təhsil bizim tərəfdaşlığımızın humanitar gündəliyinə verdiyimiz əhəmiyyəti əyani şəkildə təsdiq edir”.

Prezident Azərbaycanla Rusiya Federasiyasının subyektləri arasında fəal qarşılıqlı əlaqənin də əhəmiyyətini diqqətə çatdırıb. “Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da ikitərəfli əməkdaşlığın aktual məsələlərini reallaşdıra, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin xalqlarımızın və ölkələrimizin mənafeyi naminə möhkəmlənməsi üçün yeni imkanlar aça biləcəyik”, – deyə məktubda bildirilir.