İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya dünyanın müxtəlif ölkələrində, o cümlədən Balkanlarda genişmiqyaslı fəaliyyət göstərib və itkin düşmüş hesab olunan minlərlə insanın taleyini müəyyən edərək onların ailəsinə məlumat verilməsində öz rolunu oynayıb. Təşkilat itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsində Azərbaycanla da yaxından əməkdaşlıq etməyə hazırdır.

Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bomberger bu barədə aprelin 4-də Prezident İlham Əliyev ilə görüşdə bildirib.

DNT analiz nümunələrinin toplanması və laborator analizlər vasitəsilə insanların şəxsiyyətinin müəyyən edilməsinin vacibliyini bildirən Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumat bazasının yaradılması, kütləvi məzarlıqlarda birgə qazıntıların aparılması, yerli mütəxəssislərin peşəkarlıqlarının artırılması kimi işlərə öz töhfəsini verməyə hazır olduğunu deyib.

Baş direktor Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlığa dair niyyət protokolu imzaladıqdan sonra praktiki işə başlayacaqlarını diqqətə çatdırıb.