Tanınmış gənc caz ifaçısı Nərmin Məmmədli yeni beynəlxalq layihədə iştirak edib. Ölkəmizdə və xaricdə caz layihələrində uğur qazanan musiqiçi qəzetimizə bildirib ki, o, bu dəfə Braziliya gitaraçısı Dami Andreslə portuqal dilində “Manha de Carnaval” (“Karnaval səhəri”) adlı kompozisiyasını ərsəyə gətirib.

Nərmin Məmmədli deyib ki, yeni caz kompozisiyası aprelin 12-dən etibarən bütün musiqi platformalarında təqdim olunacaq.

Musiqiçi hazırda Dami Andreslə ikinci layihənin üzərində çalışdıqlarını da bildirib.

Qeyd edək ki, D.Andres ötən ilin dekabrında Mədəniyyət Nazirliyi və Braziliyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən “Rioda bir gecə” adlı konsert proqramında çıxış edib.  

Xatırladaq ki, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasını bitirən Nərmin Məmmədli Dövlət Mədəniyyət və İncəsənət Universitetində estrada və caz ifaçılığı üzrə təhsil alıb. İstedadlı musiqiçi 2016 və 2017-ci illərdə Bakıda təşkil edilən beynəlxalq caz festivallarının iştirakçısı olub. 2018-ci ildə ölkəmizi Latviyada keçirilən məşhur “Riga Jazz Stage” müsabiqəsində təmsil edib. 2020-ci ildə ABŞ-ın caz əfsanələrindən olan saksofon ifaçısı və bəstəkar Çarli (Charlie) Parkerin xatirəsinə həsr olunan “BirdboxChallenge” onlayn müsabiqəsində Ç.Parkerin “Donna Lee” instrumental əsərini gözübağlı şəkildə, “scat vokal” texnikası ilə ifa edərək müsabiqənin 3 qalibindən biri olub.