İyulun 25-dən 29-dək Bakıda “Sea Breeze Summer Fest-2022” beynəlxalq musiqi festivalı keçiriləcək.

“Sea Breeze Resort” hotelində, mavi Xəzərin sahilində təşkil olunacaq festivalda 5 gün ərzində tamaşaçıları maraqlı musiqili-əyləncəli proqram, qeyri-adi tamaşalar və 150-dən çox müğənninin iştirakı ilə parlaq şou gözləyir.

Tanınmış estrada ulduzları Basta, Asti, Jah Khalib, Zivert, HammAli və Nəvai, Jony, Artik və Azərbaycanın Xalq artisti Emin solo çıxışları ilə musiqisevərlərin könlünü oxşayacaq.

Festivalda həmçinin Kənan Doğulu, Minelli, Outlandish, Morandi, Niletto, Klava, Mot və digər sevilən sənət ulduzlarının iştirakı ilə möhtəşəm musiqi gecələri unudulmaz anlarla yaddaşlara yazılacaq.

Musiqi həvəskarlarını Xəzərin sahilinə toplayacaq festivalın təşkilat komitəsindən bildirilib ki, hər il ənənəvi təşkil edilən "JARA" Beynəlxalq Musiqi Festivalının 2022-ci il üçün alınan biletləri “Sea Breeze Fest-2022” üçün də keçərlidir.

Qeyd edək ki, builki "JARA" festivalının 27-31 iyul tarixində keçirilməsi nəzərdə tutulur. Ötən il Moskvada gerçəkləşən festival pandemiya səbəbindən tamaşaçılar olmadan, televiziya vasitəsilə yayımlanmışdı.