Ölkə prezidentinin 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq bölgələrimizdə geniş miqyaslı tədbirlər keçirilir. İsmayıllı rayonu Mədəniyyət və Turizm, Gənclər və İdman şöbələrinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə gənclər və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Bu Vətən bizimdir” adlı turist düşərgələri təşkil edilib.
“Turizm ili” çərçivəsində rayonda keçirilən digər tədbir mədəniyyət və turizm şöbəsinin və “İctimai” televiziyanın birgə təşkilatçılığı ilə “Yeni gün” proqramı canlı yayımlanıb. Tamaşaçılara folklor və xalq tətbiqi sənət nümunələri, rayonda aparılan quruculuq işləri, turizmin inkişafı və “Sənətkarlıq Paytaxtları” proqramı çərçivəsində görülmüş işlər barədə məlumat verilib, respublikamızın sənət adamları konsert proqramı ilə çıxış edib.