Azərbaycanda ilk dəfə “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyindəki Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının auksion vasitəsilə satışı həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, aprelin 15-də keçiriləcək auksionda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Hərraca xüsusi seçilmiş atlar çıxarılacaq və satış auksion formatına uyğun olaraq həyata keçiriləcək. Bununla yanaşı, Qarabağ atları haqqında məlumat veriləcək. Hərracda satılan atlar sığorta şirkəti tərəfindən sığortalanacaq.

Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Bu atların əsas yeriş forması çaparaq yerişdir, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil.

Hərracda iştirak üçün 1659 nömrəsi ilə satış mərkəzinə müraciət etmək olar.