Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) təşkilatçılığı ilə “Azərbaycan-Avstriya beynəlxalq turizm proqramı: 15 illik uğur. ATMU və İMC Krems qlobal təhsil tərəfdaşlığı” adlı tədbir keçirilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin rəsmiləri, ölkəmizin ali təhsil müəssisələrinin rektorları, proqram çərçivəsində təhsil alan tələbələr, məzunlar iştirak ediblər.

ATMU-nun rektoru İlham Mədətov beynəlxalq proqramın əhəmiyyəti və əsas hədəflərindən ətraflı bəhs edib. Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov turizm sənayesinin ixtisaslı kadr potensialı ilə təmin edilməsində beynəlxalq təhsil layihələrinin önəmli olduğunu diqqətə çatdırıb.

Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin icraçı direktoru Karl Ennsfellnerin məruzəsində proqramın əsas prioritetləri və tarixindən bəhs olunub.

Sonda Azərbaycan-Avstriya beynəlxalq turizm proqramının 15 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Qeyd edək ki, ölkəmizin ali təhsil tarixində ilk dəfə olaraq ATMU 2007-ci ildən İMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramlarını həyata keçirir.