Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə aprelin 7-də Nizami Kino Mərkəzində Ağdaban soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, YAP İdarə Heyəti və Mərkəzi Aparatının üzvləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda və Ağdaban qırğınında canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ağdaban faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Musa Quliyev çıxış edərək bildirdi ki, Ağdaban faciəsi Xocalı hadisələrindən sonra erməni cəlladlarının hələ də türk, azərbaycanlı qanına doymadığının əyani göstəricisidir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbəri, Ağdaban sakini Cavid Qurbanov faciə haqqında məlumat verib. Qeyd edib ki, 1992-ci il aprelin 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban sakinlərinin başına dəhşətli faciə gətiriblər: “Mən gözümü Ağdabanda – Dədə Şəmşir yurdunda açmışam. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə ağlasığmaz işgəncələr verildi. 33 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 nəfər qadın diri-diri yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Bu, təkcə bir kəndin sakinlərinə qarşı törədilmiş insanlıq adına sığmayan cinayət idi. Bununla yanaşı, həmin dövrdə şair ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. Atamı vəfat etməmişdən öncə o torpaqlara apara bildiyim üçün xoşbəxtəm”.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev bildirdi ki, Ordumuzun qazandığı Qələbədə, şəhidlərimizin qisasının alınmasında oğlum, 1980-ci ildə Kəlbəcərdə doğulmuş Anarın da payı oldu: “Oğlum hərbçi peşəsini seçəndə inanırdım ki, o, qəhrəmanlıqlar göstərəcək. Çünki onun doğulduğu yurd işğalda idi. Anar həmişə qisas hissi ilə yaşayırdı. Ən böyük məqsədi torpaqlarımızın azadlığı idi...”.

Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Şuşaya ilk daxil olan 3 tabordan birinin komandiri, Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov dedi ki, şanlı Zəfərimizlə şəhidlərimizin illərlə nigaran qalan ruhları şad oldu. Xocalı cəlladları ilə yanaşı Ağdaban qatillərinin də cəzası döyüş meydanında qəhrəman oğullarımız tərəfindən verildi.

Çıxışlardan sonra Ağdaban faciəsinin 30 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilib. "Xaqanfilm" studiyasının istehsalı olan filmin rejissoru, ssenari müəllifi və operatoru Xəqani Hüseynzadədir.