Beynəlxalq Muğam Mərkəzinin (BMM) muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu "Dəyirmi masa" layihəsi davam edir.

Bu ildən yeni, elmi-nəzəri, musiqili formatda təqdim edilən layihənin növbəti təqdimatı görkəmli muğam ustadı, Xalq artisti Seyid Şuşinski yaradıcılığına həsr olunacaq.

Layihənin “Seyid Şuşinski – ustad-xanəndə, böyük müəllim” adlı növbəti tədbiri aprelin 12-si saat 12:00-da gerçəkləşəcək.

Tədbirdə Seyid Şuşinskinin tələbəsi, xanəndə-pedaqoq, Əməkdar müəllim Nəriman Əliyevin konsertmeysteri kimi çalışmış, tarzən, Xalq artisti, professor Möhlət Müslümov, “Seyid Şuşinski” sənədli filmində ustad xanəndənin gənclik obrazını canlandırmış Əməkdar müəllim Qəzənfər Abbasov, Əməkdar artist, tarzən Valeh Rəhimov və digər sənət adamları iştirak edəcək.

Tədbirdə Xalq artisti Aygün Bayramova, BMM-in solistləri Əməkdar artist İlkin Əhmədov və xanəndə Məmməd Nəcəfovun ifaları təqdim olunacaq.

"Dəyirmi masa" layihəsinin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru isə filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır.

Lalə