Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə aprelin 7-də şəhid və qazi övladları üçün növbəti xeyriyyə aksiyası keçirilib.

Bu dəfə “Medilux” klinikasında plastik cərrah Dilqəm Məhərrəmov tərəfindən bir qrup şəhid və qazi ailələrinin uşaqları təmənnasız olaraq sünnət edilib.

Aparıcı Könül Muxtarova iştirakçıları salamlayıb. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədova bu çıxış edərək, xeyriyyə aksiyasının əhəmiyyətindən danışıb.

Tanınmış sənətçilər – Xalq artisti Mələkxanım Əyyubova müğənnilər Nadir Qafarzadə və Amil Həsənoğlu klinikaya gələrək uşaqlara hədiyyələr təqdim edib, xatirə fotoları çəkdiriblər.

Övladları sünnət olunmuş şəhid və qazi ailələrinin üzvləri onları aksiya təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Vətən müharibəsində Qələbəmizi qanı və canı bahasına qazanan şəhid və qazi ailələrini daim diqqətdə saxlayan Baş İdarə bu aksiyanı gələcəkdə də davam etdirəcək.