Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində autizmlə bağlı məlumatlandırma, autizmli uşaqların yaradıcı potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması, inteqrasiya imkanlarının artırılması məqsədilə “Fərqliliyə qucaq aç!” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, millət vəkilləri, QHT nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar autizm sindromlu uşaqların DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırladıqları rəsm əsərlərinin və keramika nümunələrinin, müxtəlif şirniyyat növlərinin satış-sərgisinə baxıblar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların, o cümlədən autizmli uşaqların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasına nail olunması üçün aparılan fəal dövlət siyasətindən bəhs edib. Nazir autizm sindromlu şəxslərə diqqət və qayğını artırmaq, cəmiyyətə inteqrasiya imkanlarının genişlənməsinə nail olmaq üçün belə tədbirlərin ardıcıl və əhatəli xarakter almasının əhəmiyyətini vurğulayıb.

Mərkəzdə yeni yaradılan inklüziv kamera orkestrinin ifasında musiqilər səsləndirilib. Autizmli uşaqların iştirakı ilə inklüziv tamaşa, mərkəzin kapoeyra təlimçilərinin iştirakı ilə konsert proqramı təqdim edilib.