Rusiyanın fevralın 24-dən Ukraynada apardığı hərbi əməliyyat, böyük humanitar fəlakətə səbəb olmaqla bərabər, ölkədə mədəniyyət sahəsinə də zərər vurub. Ölkənin müxtəlif şəhərlərində mədəniyyət ocaqları bombardman və raket zərbələrinə tuş gəlib.

Bu arada Ukrayna rəsmi dairələrinin Rusiyanın apardığı müharibəyə qarşı atdığı addımlar da mədəniyyətdən yan keçmir. Rusiya ilə bağlı abidələrin demontaj edilməsi də bu qəbildəndir.

Ukraynadakı müharibədən “zərərçəkən”lər sırasında məşhur rus şairi, yazıçı, dramaturq Aleksandr Puşkin də var. Artıq iki şəhərdə şairin abidəsi götürülüb.

Bir qədər əvvəl Ukraynanın qərbindəki Mukaçevo şəhərində (Zakarpat vilayəti) Puşkinin büstü demontaj edilmişdi.

Aprelin 8-də isə Ternopol şəhərinin mərkəzi parklarından birində Puşkinin heykəli sökülüb. Bu barədə şəhər hakimiyyəti məlumat yayıb.

Ternopol meri Sergey Nadal bildirib ki, Puşkinin bu şəhərə heç bir aidiyyəti yoxdur və “rus olan hər şey” sökülməlidir.

Ternopol Ukraynanın qərbində eyniadlı vilayətin inzibati mərkəzi və Qalitsiya regionunun ən böyük (əhalisi 225 min nəfər) şəhərlərindən biridir. Puşkinin heykəli 1959-cu ildə qoyulmuş, buradakı parka da şairin verilmişdi. Bir neçə il öncə parkın adı dəyişdirilmişdi.

V.Kamal