Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistanın Əməkdar artisti, tanınmış rəqqasə Kövkəb (Kaykep) Əliyevanın (1935-2021) yaşadığı binanın fasadına vurulmuş xatirə lövhəsinin açılışı olub.

Kövkəb Əliyeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) "Azərbaycan qızları" rəqs ansamblının rəhbəri olub, ömrünün əsas hissəsini Özbəkistanda milli musiqi və rəqslərimizin təbliğinə həsr edib.

AMM-in təşkilatçılığı ilə keçirilən açılış mərasimində Azərbaycan nümayəndə heyəti ilə yanaşı, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, bu ölkənin mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Xatirə lövhəsinin üzərindən örtük götürüldükdən sonra çıxış edən AMM-in direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışıb. O, Özbəkistanın “Dostluq” ordeni və Azərbaycanın “Fəxri mədəniyyət işçisi” adına layiq görülmüş, əslən azərbaycanlı olan Kövkəb Əliyevanın həyat və yaradıcılığı haqqında məlumat verib. Samir Abbasov Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımız, tanınmış azərbaycanlıların adlarının əbədiləşdirilməsi, yaradıcılıqlarının öyrənilməsi və tədqiqinə xüsusi diqqət yetirdiyini qeyd edib, bu təşəbbüsləri dəstəklədiyi üçün Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iki ölkə arasında arasında günü-gündən inkişaf edən mədəni əlaqələrdən danışıb. Millət vəkili 50 ildən artıq Özbəkistanda təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədən Kövkəb Əliyevanın xidmətlərini xüsusi vurğulayıb və AMM-in onun irsinə göstərdiyi diqqəti yüksək qiymətləndirib.

Azərbaycan Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin Akif Marifli milli mədəniyyətimizi təbliğ edən və ölkələrimiz arasında möhkəm dostluq körpüsü yaradan bu cür mədəniyyət xadimlərimizin fəaliyyətini vurğulayıb. Şöbə müdiri Mədəniyyət Nazirliyinin dəstəyi və AMM-in layihəsi ilə Özbəkistanda tanınmış azərbaycanlıların irsinin təbliği və adının əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbəri, professor Erkin Nuriddinov, bu ölkənin Xalq artisti Qalina Melnikova Kövkəb Əliyevanın Özbəkistanda çox sevildiyini, onun vasitəsilə milli Azərbaycan rəqslərinin daha geniş təbliğ edildiyini bildiriblər. Kövkəb Əliyeavanın həmsədri olduğu "Mehrijon" Xeyriyyə Fondu Özbəkistanda internat məktəblərində xeyriyyə tədbirləri təşkil etməsi də diqqətə çatdırılıb.

Kövkəb Əliyevanın qardaşı Pərviz Əliyev çıxış edərək ailələri adından Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova xatirə lövhəsinin qarşısında milli musiqimizdən parçalar ifa edib.

Bildirək ki, xatirə lövhəsi AMM-in sifarişi ilə Özbəkistanın Xalq rəssamı Marina Borodinova tərəfindən hazırlanıb.

Qeyd edək ki, əslən azərbaycanlı olan Kövkəb Əliyeva 1935-ci ildə İranın Məşhəd şəhərində dünyaya göz açıb. Sonra ailəsi Özbəkistana köçüb. O, Daşkənd Dövlət Xoreoqrafiya Məktəbini bitirib. Özbəkistanda tanınmış musiqiçi Batır Zakirovun estrada orkestrində işləyib. Eyni zamanda qardaş ölkədə diasporumuzun idarə heyətinin üzvü olub. K.Əliyeva mədəniyyətimizin təbliğində xidmətlərinə görə 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə 2016-cı ildə “Dostluq” ordeni ilə təltif olunub. O, eyni zamanda 2017-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə mükafatlandırılıb.