Sabir Rəhimov,
AHİK-in Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini
(Əvvəli ötən sayımızda)
Turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə ölkə prezidentinin 27 avqust 2002-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olundu. Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabineti və Gənclər, İdman və Turizm Nazirliyinə tapşırıldı. Proqramın əsas vəzifəsi turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm resurslarından səmərəli istifadə olunmasını təmin etməkdən ibarət idi.
Prezident İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” və
11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” fərmanları ölkə iqtisadiyyatının gələcək inkişaf yolunda mühüm addımlar idi.
Bu sənədlərdə ölkədə turizmin inkişafı ilə bağlı məsələlər də nəzərdə tutulmuşdu. Gənclər, İdman və Turizm Nazirliyi bu sahənin inkişafı, o cümlədən turizmin təbliği sahəsində uğurlu addımlar atmaqda idi. 2001-ci ildə nazirlik tərəfindən “Welcome to Azerbaijan” adlı xüsusi kompakt disk hazırlanmış və Dünya Turizm Təşkilatının Koreya və Yaponiyada keçirilmiş Baş Assambleyasında təqdim olunmuşdu. Diskdə Azərbaycanın təbiəti, mədəniyyəti, turizm ehtiyatları, musiqisi, mətbəxi və ümumiyyətlə, ölkəmiz barədə tam genişliyi ilə məlumatlar əks edilmişdi.
2001-ci ildə müstəqil respublikamızda ilk dəfə olaraq 27 sentyabr - Dünya turizm günü qeyd olundu. Sonrakı illərdə bu günün qeyd edilməsi ənənəyə çevrildi.
2001-ci il dekabrın 22-də Bakıda “Azərbaycan turizminin aktual problemləri” mövzusunda I Ümumrespublika turizm konfransı keçirildi.
Ölkə prezidentinin 27 avqust 2002-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olundu. Proqramın əsas məqsədləri sənayesini iqtisadiyyatın yüksək gəlir götürən sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək, yüksək səmərəli və rəqabət qabiliyyətli müasir turizm kompleksi yaratmaq, yeni iş yerləri açmaq və respublika iqtisadiyyatının turizmlə əlaqəli digər sahələrində dövlətin büdcəsinə gəlir gətirməkdən ibarət idi. Bu məqsədlər bu gün də aktualdır.
Respublikamızda turizmin inkişafına dövlət tərəfindən qayğının artması nəticəsində bu sahədə aparılan islahatlar öz bəhrəsini verməkdə idi. Bakıda hər il beynəlxalq turizm sərgilərinin təşkili ənənəyə çevrildi. 2002-ci ilin mayında Azərbaycan turizminin tarixində ilk dəfə olaraq Bakı beynəlxalq turizm sərgisi (AİTF) Dünya Turizm Təşkilatının dəstəyini qazanmaqla bərabər, həm də bu təşkilatın ümumi kataloquna daxil edildi. 2003-2011-ci illərdə keçirilən sərgilər daha çox ölkə və şirkətlərin təmsil olunması ilə fərqləndi.
Azərbaycanda yoxsulluğun aradan qaldırılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üçün işlər görülürdü. 2004-cü ildə imzalanmış layihəyə əsasən, BMT-nin İnkişaf Proqramı Gənclər, İdman və Turizm Nazirliyinə yardım etmək məqsədilə Bakıda və ölkənin turizm potensialı yüksək olan 7 bölgəsində (Naxçıvan, Gəncə, Şəki, Quba, Xaçmaz, Lənkəran, Şamaxı) turizm informasiya mərkəzləri yaradılması işinə başladı. İlk belə mərkəz 2005-ci ilin fevralın 2-də Bakıda açıldı.
2004-cü ilin aprelin 23-də prezident İlham Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi haqqında” fərman imzaladı. Həmin dəyişikliklərə əsasən, turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Gənclər, İdman və Turizm Nazirliyinə həvalə olundu. Bununla ölkəmizdə fəaliyyət göstərən hotel və mehmanxana komplekslərinin keyfiyyətli xidmət və xidmətə uyğun qiymət siyasətinə ciddi nəzarət olundu.
2003-cü ilin aprelində Bakıda Dünya Turizm Təşkilatı və Gənclər, İdman və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Dünya turizminin inkişafının tendensiyası və metodikası” mövzusunda ilk işçi seminar keçirildi. 2004-cü ilin dekabrında Bakıda Gənclər, İdman və Turizm Nazirliyi BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birlikdə “Sosial-iqtisadi inkişafda turizmin rolunun gücləndirilməsi” mövzusunda dövlət qurumları, şirkətlər, mehmanxanalar, qonaq evləri və turizm sektoru üçün kadr hazırlayan təhsil ocaqlarının əməkdaşları üçün beynəlxalq seminar keçirildi.
2007-ci ilin aprelində DTT-in dəstəyi ilə Bakıda “Turizm marketinqi və reklam texnikası” mövzusunda beynəlxalq seminar keçirildi.
2009-cu ilin martında Bakıda Dünya Turizm Təşkilatının (UNWTO) Avropa üzrə komissiyasının 49-cu iclası çərçivəsində “İqtisadi böhranın Avropa turizminə təsiri” mövzusunda texniki seminar keçirildi. Sonrakı illərdə də turizmin müxtəlif sahələri ilə bağlı DTT-nin və digər qurumların köməyi ilə bu cür seminarlar keçirilib.
2006-cı ilin sentyabrında Bakıda İslam Konfransı Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci konfransı çox yüksək səviyyədə keçirildi. Konfransın yüksək səviyyədə təşkil edilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2005-ci il tarixli sərəncamının böyük rolu olmuşdur.
Sərəncamda qeyd olunurdu ki, Azərbaycan Respublikası dünya birliyinin bərabərhüquqlu üzvü kimi irimiqyaslı mühüm layihələrin həyata keçirilməsində bir sıra beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir. Belə təşkilatlardan biri olan İslam Konfransı Təşkilatı ilə də səmərəli əlaqələrin qurulması bu təşkilata üzv ölkələr arasında Azərbaycanın nüfuzunun artmasına, qarşılıqlı etimadın güclənməsinə təkan vermişdir.
Ümumiyyətlə, 2006-cı il respublikamızda mədəniyyət və turizmin inkişaf istiqamətlərini müəyyən edən il kimi yadda qalacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli fərmanı ilə Mədəniyyət Nazirliyi ləğv olundu və onun əvəzinə yeni struktur - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yaradıldı. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə” və nazirliyin strukturu təsdiq edildi. Yeni nazirliyinin fəaliyyətə başlanması Azərbaycanın zəngin mədəni irsinin, rəngarəng incəsənətinin inkişaf etdirilməsi və təbliğinə, ölkəmizin təbii gözəlliklərinin, turizm potensialının dünyada daha yaxşı tanıdılmasına, sürətli inkişafına geniş imkanlar açdı. Turizm sahəsi getdikcə ölkənin sosial-mədəni inkişafının göstəricisinə çevrildi. Mehmanxana və digər yerləşdirmə obyektlərinə lisenziya verilməsi də Mədəniyyət və Turizm Nazirliyinə həvalə olundu.
Beynəlxalq aləmdə dövlətimizin tanınması, ölkənin turizm potensialının təbliği və reklamı baxımından böyük əhəmiyyət kəsb edən sərgilərdə Azərbaycanın iştirakı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ən vacib vasitələrdəndir. Bu baxımdan respublikamız son illərdə Mədəniyyət və Turizm Nazirliyi, həmçinin özəl şirkətlər və mehmanxana kompleksləri səviyyəsində beynəlxalq sərgilərdə təmsil olunur. Dünyanın ən böyük turizm sərgilərindən sayılan London, Berlin, Moskva, Nyu-York, Madrid və s. turizm sərgilərində Azərbaycan nümayəndə heyəti ildən ilə daha geniş tərkibdə iştirak edir. Sərgilərdə iştirak etmək xarici turistlərin Azərbaycana cəlb edilməsi məqsədi daşıyır.
Son illərdə ölkədə turizm işinin təşkili və inkişafı sahəsində atılan bir sıra digər addımlara da nəzər salaq.
13 fevral 2006-cı il - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm İnstitutu (ATİ) və Mingəçevir Turizm Kolleci yaradılıb. 2010-cu ildə ATİ-nin ilk məzun buraxılışı oldu. Qeyd edək ki, 2006-cı ildə Azərbaycan Turizm İnstitutu 200 tələbə, 1 fakültə, 2 kafedra, 3 ixtisasla tədris prosesinə başlamışdı. Hazırda (2011) 7 kafedra, 11 ixtisas, 1300-dən artıq tələbə ilə respublikamızın turizm sahəsi üçün kadr hazırlığını həyata keçirir.
5 iyun 2007-ci il - “Turizm haqqında” Qanuna dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalanıb. 16 avqust 2007-ci il tarixdə qanunun tətbiqi haqqında fərman imzalanıb.
20 iyun 2008-ci il - “Turizm və rekreasiya zonaları haqqında” nümunəvi əsasnamə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilib.
6 fevral 2009-cu il - Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı təsdiq edilib.
6 aprel 2010-cu il - “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalanıb.
Qeyd etməliyik ki, 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən turizmlə bağlı qəbul edilən qərarlar turizmin idarəçiliyinin nazirlik səviyyəsində (əvvəllər Gənclər, İdman və Turizm Nazirliyi, sonra Mədəniyyət və Turizm Nazirliyi) təmsil olunması, turizm anlayışının dövlət proqramlarının mühüm tərkib hissəsinə çevrilməsi bu sahənin dayanıqlı inkişafını təmin edib. 2001-ci ildən bu günədək qəbul edilən bütün iqtisadi inkişaf və yoxsulluqla mübarizə proqramlarında, sərmayə qoyuluşu layihələrində, regionların inkişafı ilə bağlı olan proqramlarda turizm infrastrukturunun yaradılması öz əksini tapıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkil olunduğu ildən bu günə kimi dövlət rəhbərliyi tərəfindən turizmlə bağlı qəbul edilən qərarlar bu sahənin inkişafına, əldə olunan bir çox nailiyyətlərə mühüm zəmin yaradıb. Belə ki, 2010-cu ildə Azərbaycana 1 mln. 495 min turistin gəlişi qeydə alınıb. Bu da 2009-cu il ilə müqayisədə 6% çoxdur. Hazırda Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi və Dünya Turizm Təşkilatı ilə birgə daxili turizm məhsulunun ölçülərinin sistemləşdirilməsinə dair işlər aparır.
2011-ci ilin 6 ayı ərzində Azərbaycana 1 mln. 16 min turistin gəlişi qeydə alınıb.
İlin sonunadək respublikamıza 2 milyondan artıq turistin gəlişi gözlənilir. Mədəniyyət və Turizm Nazirliyinin hesablamalarına görə, yaxın 5 il ərzində Azərbaycana hər il 3-4 mln. turist axını proqnozlaşdırılır.
Son illər turizm sahəsinin inkişafına dair görülən genişmiqyaslı tədbirlər, dünyanın aparıcı telekanallarında Azərbaycan turizm potensialının hərtərəfli reklamı, Mədəniyyət və Turizm Nazirliyinin hər il bir çox beynəlxalq turizm sərgiləri və yarmarkalarında iştirakı, respublikamızda yeni turizm komplekslərinin və yüksək səviyyəli hotellərin istifadəyə verilməsi (hazırda Azərbaycanda 499 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir), turizm xidmətinin keyfiyyətinin yüksəlməsi və bir sıra digər amillər ölkəyə turist gəlişinin dinamik proqnozuna əsas verir.
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli sərəncamı ilə 2011-ci il Azərbaycanda “Turizm ili” elan olunub. Prezidentin 20 iyul 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq olunub. Sərəncama əsasən, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilib. Nazirlər Kabinetinə Tədbirlər Planında görüləcək işlərin maliyyələşdirilməsi və digər məsələlərin həlli tapşırılıb.
Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi bu sahənin inkişafına təkan verib. Turizm sahəsində infrastruktur layihələrinin sürətlənməsi, bu sahədə müxtəlif səviyyələrdə geniş tədbirlərin hazırlanması, görüləcək işlərin müxtəlifliyi buna əyani sübutdur.