Milli Arxiv İdarəsi Xalq artisti İsmayıl Osmanlının (1902-1978) anadan olmasının 120 illiyi münasibətilə hazırlanmış virtual sərgini istifadəçilərin ixtiyarına verib.

İdarədən bildirilib ki, sərgi unudulmaz aktyorun öz şəxsi fondunda saxlanılan sənədlər əsasında hazırlanıb.

Azərbaycan teatr və kino sənətinin böyük ustadlarından olan İsmayıl Osmanlını çağdaş sənətsevərlər əsasən bədii filmlərdən xatırlayırlar. İsmayıl Osmanlı ömrünün təxminən 50 ili Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə bağlı olub. Görkəmli aktyor bu teatrın səhnəsində yaratdığı bir-birindən maraqlı obrazlar ilə dövrünün teatr tamaşaçılarının hər zaman səmimi alqışlarını qazanıb.

Kinoda daha çox epizodik rolların mahir ifaçısı olan İsmayıl Osmanlının sənəti dövlət tərəfindən daima yüksək qiymətləndirilib. O, 1949-cu ildə Azərbaycan SSR, 1974-cü ildə isə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb, orden və medallarla təltif olunub.