İstanbulun Böyük Çamlıca məscid kompleksinin ərazisində İslam Sivilizasiyaları Muzeyi yaradılıb.

Aprelin 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə muzeyin açılış mərasimi olub.

Mərasimdə çıxış edən dövlət başçısı muzeyin üç il əvvəl istifadəyə verilən Böyük Çamlıca məscidinin əsas hissələrindən biri olduğunu deyib. Diqqətə çatdırılıb ki, 10 min kvadratmetr qapalı sahədə inşa edilən İslam Sivilizasiyaları Muzeyi Türkiyənin Milli Saraylar İdarəsinə bağlı Topqapı Sarayı, Türk və İslam Sənətləri, İstanbul Arxeoloji, İstanbul Türbələr, Vəqflər və Saray Kolleksiyaları muzeylərinin fondlarından seçilmiş eksponatlar əsasında hazırlanıb.

VII- XIX əsrlər İslam mədəniyyətinin inkişafını özündə əks etdirən muzeydə 800-ə yaxın əsər sərgilənəcək. Muzey türk toxuculuq sənəti, İslam incəsənətində memarlıq və bəzək elementləri, İslamda elm, xəttatlıq, İslamda fəth, türk çini sənəti, Osmanlıda geyim kimi mövzuları özündə əks etdirən 15 tematik bölmədən ibarətdir. Muzeydə İslam tarixinin izlərini daşıyan, bir çoxu indiyədək sərgilənməmiş nadir eksponatlar da yer alır.

Muzeyin tərtibatında müasir muzeyşünaslıq texnologiyaları əsasında ərsəyə gələn videoistehsal və interaktiv sensor ekranlar, lazer işıqları kimi bir çox elementdən istifadə edilib.