Son beş ildə dünyada itkin düşmüş şəxslərin sayı 75 faiz artaraq 174 mini ötüb. Problemə qlobal səviyyədə diqqəti cəlb etmək və bu sahədə qlobal öhdəliklərin icrasını təşviq etmək üçün “İtkin düşmüş şəxslər üçün Qlobal Alyans” yaradılıb.

Bu barədə Cenevrədə “İtkin düşmüş şəxslər üçün Qlobal Alyans”ın iclasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonye məlumat verib.

Tədbirdə ölkəmiz Xarici İşlər Nazirliyi və Cenevrədəki diplomatik nümayəndəliyimiz tərəfindən təmsil edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, aprelin 7-də keçirilən ilk iclasda alyansa indiyədək qoşulmuş 10 dövlətin (Azərbaycan, Argentina, Estoniya, Küveyt, Meksika, Nigeriya, Norveç, Peru, Koreya Respublikası, İsveçrə) nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycanda itkin düşmüş şəxslər, onların taleyinin müəyyənləşdirilməsi üçün milli səviyyədə görülən işlər, Başlıbeldə kütləvi şəkildə qətlə yetirilmiş insanların qalıqlarının torpaqlarımızın işğaldan azad edilməsindən sonra identifikasiya edilməsi, Daşaltı, Edilli, Sırxavənd və Fərrux kəndlərində kütləvi məzarlıqların aşkarlanması, Azərbaycanın bu problemə beynəlxalq səviyyədə diqqəti cəlb etmək üçün göstərdiyi səylər və BMT Baş Assambleyası tərəfindən qəbul edilən itkin düşmüş şəxslərlə bağlı qətnamə barədə məlumatlandırılıb. Qlobal Alyansın itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasının vacibliyinə qlobal səviyyədə diqqətin cəlb edilməsi və bu sahədə əməkdaşlığa ciddi töhfə verəcəyinə ümid ifadə olunub.

Qeyd edək ki, “İtkin düşmüş şəxslər üçün Qlobal Alyans” 2021-ci il mayın 11-də BQXK və İsveçrə tərəfinin təşəbbüsü ilə yaradılıb. Azərbaycan bu ilin yanvar ayında BQXK-nin dəvəti ilə bu təşəbbüsə qoşulub.