Bu il instituta qəbul olunan tələbələrdən 11-i 600-dən, 50-si 550-dən yuxarı bal toplayıb
   
   2011-2012-ci tədris ili üzrə Azərbaycan Turizm İnstitutuna həyata keçirilən tələbə qəbulunda mövcud yerlərin hamısı dolub. Bu barədə qəzetimizə məlumat verən ATİ-nin prorektoru Eldar Aslanovun sözlərinə görə, instituta 11 ixtisas üzrə 318 tələbə qəbul olunub.
   
   Prorektor bildirib ki, tələbələrdən 97 nəfər turizm və hotelçilik, 44 nəfər menecment, 22 nəfər marketinq, 29 nəfər tərcümə, 24 nəfər muzeyşünaslıq və abidələrin qorunması, 10 nəfər regionşünaslıq, 15 nəfər nəqliyyat, 24 nəfər sosial iş, 23 nəfər beynəlxalq münasibətlər, 18 nəfər qida mühəndisliyi və 12 nəfər bədən tərbiyəsi və idman ixtisasını seçib: “Sevindirici haldır ki, ötən il olduğu kimi, bu il də instituta qəbul üzrə keçid balları çox yüksək olub. Keçid ballarının ayrı-ayrı ixtisaslar üzrə 12-15 baldan 80 bala qədər qalxması müşahidə olunub. Məsələn, tərcümə ixtisası üzrə ötən il keçid balı 516 olmuşdusa, bu il bu rəqəm 550-dir. Muzeyşünaslıq üzrə keçid balı 366-dan 396-ya qalxıb. İnstitut üzrə orta keçid balı əyani Azərbaycan sektorunda 414, əyani rus sektorunda isə 330-dur. Bu il ATİ-yə 11 nəfər 600-dən, 50 nəfər 550-dən yuxarı bal toplayan tələbə daxil olub. Avqust ayının sonlarında institutun Elmi Şurası toplaşıb builki qəbulun nəticələrini müzakirə edəcək”.
   Prorektor bildirdi ki, yüksək bal toplayan tələbələrin və onların valideynlərinin Turizm İnstitutunu seçməsi Mədəniyyət və Turizm Nazirliyinin və ATİ kollektivinin peşəkar turizm kadrı hazırlığı sahəsində fəaliyyətinə verilən ən gözəl qiymətdir: «Bəzən hər hansı bir işi lazım olan səviyyədə təşkil edə bilməməyimiz barədə bizə iradlar bildirilir. Amma nəzərə almaq lazımdır ki, ATİ yeni fəaliyyətə başlayan tədris ocağıdır. Biz həmişə təhsilin keyfiyyətinin yüksək olmasına çalışmışıq. Bu ildən bu istiqamətdə kompleks tədbirlər də nəzərdə tutulur. Bununla bağlı xüsusi iş planımız var. Həm tədrisin keyfiyyətinin artırılması, həm tədris şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlər görülür”.
   E.Aslanovun sözlərinə görə, Turizm İnstitutu Azərbaycanda dövlət ali təhsil müəssisələri arasında az sayda ali məktəblərdən biridir ki, burada 2-4-cü kurslarda bütün fənlərin tədrisində tələbələrin seçimi diqqətə alınır. Fənni tədris edəcək müəllimi tələbələr özləri seçirlər. Bir fənn üzrə onlara ən azı üç müəllim təklif edilir. Tələbələr həmin müəllimlərin tərcümeyi-halı, ötən illərdəki pedaqoji təcrübəsi ilə yaxından tanış olurlar: «Elə buna görə də biz müəllimlərin attestasiyasını keçiririk. Attestasiyanı keçməyən və minimal tələblərə cavab verməyən müəllimlərlə növbəti tədris ili üçün müqavilə imzalanmır».
   Söhbət əsnasında E.Aslanov ATİ-də təhsil haqqının yüksək olması barədə məsələyə də aydınlıq gətirdi. Prorektorun sözlərinə görə, ali məktəbdə təhsil haqqının müəyyənləşdirilməsinin xüsusi mexanizmi var: «Bu mexanizm ondan ibarətdir ki, bir bakalavr tələbəsi kurrikuluma görə 240 kredit toplayır. Burada ilk öncə bir kreditin ali məktəbə neçəyə başa gəlməsi hesablanır və bu məbləğ 240-a vurulur. Həmin məbləğ də 4 ilə bölünür. Burada nəzərə alınan daha bir məqam bu məbləğin müxtəlif ixtisaslar üçün ayrı-ayrı olmasıdır. Bu da onunla əlaqədardır ki, bəzi ixtisaslarda laboratoriya işləri, praktika günlərinin sayı çoxdur. Təbii ki, belə ixtisaslarda təhsil haqqı da yüksək olur. Bundan əlavə, ixtisasın cəlbediciliyi də burada önəmlidir. Çünki Azərbaycanda əmək bazarının potensial iştirakçısı olmaq istəyən gənclərdə müxtəlif ixtisaslara maraq da eyni deyil. Ona görə də biz təhsil haqqının miqdarını müəyyənləşdirib müvafiq qaydada Təhsil və Mədəniyyət və Turizm nazirliklərinə veririk. Onlar da Nazirlər Kabinetinə göndərir və son instansiya orada təhsil haqqının məbləği təsdiqlənir».
   E.Aslanov onu da bildirdi ki, iki il əvvəl ali təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizmi ilə bağlı dövlət başçısının imzaladığı fərmanla ali təhsil müəssisələrində vauçer sistemi tətbiq olunur: «Dövlət, məsələn, turizm və hotelçilik üzrə nə qədər sifariş verəcəyini müəyyənləşdirir və bu say da Təhsil Nazirliyi və müvafiq sahə nazirliyi ilə razılaşdırılır. Tutaq ki, 50 yer müəyyənləşdirilir. Bu 50 yerin təhsil haqqını ali məktəbə dövlət verir. Qalan yerləri isə ali məktəb özü bazarın tələblərinə uyğun müəyyənləşdirir. Dövlət tələbənin təhsil haqqını 8 semestr, yəni 4 il üçün ödəyir. Əgər tələbə ali məktəbi bu müddət ərzində bitirə bilmirsə, 5, 6, yaxud daha çox müddət oxuyursa, qalan illərin təhsil haqqını özü ödəyir. Bir müəllimə bir auditoriyanın dərsi verilirsə, ona 60 saatın pulu ödənir. Tələbə bu müddətdə qiymət ala bilmirsə, bu artıq onun öz günahıdır. Tələbələr başa düşməlidirlər ki, bu gün təhsil yetərincə bahalı bir xərcdir. Bu artıq sosial haqq deyil, hüquqdur. Onlar təhsil haqqı ödənilən 60 dərs saatının ərzində müəllimdən nə mümkünsə çox öyrənməyə çalışmalıdırlar. Əgər tələbə müəllimin tədrisindən narazıdırsa, onda onu dəyişdirmək hüququ da var. Belə hallar bizdə olub. Demək istədiyim odur ki, tələbələrin yaxşı təhsil alması üçün ATİ rəhbərliyi nə lazımdırsa, onu edir».
   ATİ-də də 4 ilə məzun ola bilməyən tələbələrə yenidən şans verilir. Eldar Aslanov deyir ki, Bolonya prosesinin qaydalarına və Təhsil Nazirliyinin 1997-ci ildə təsdiq etdiyi «Bakalavr səviyyəsində Dövlət Attestasiyasının keçirilməsi haqqında» əsasnaməyə görə, yekun dövlət attestasiyasından kəsilmiş tələbələrin növbəti beş il ərzində təkrar 2 dəfə dövlət attestasiyasına buraxılmaq hüququ var: «Bu il bizim institutda da dövlət imtahanında kəsilən tələbələr oldu. Bu tələbələrə institut rəhbərliyi tərəfindən bütün qaydalar izah edilib və lazımi sənədlər təqdim edilib. Kəsilən tələbələr təkrar imtahana bu ilin oktyabrından başlayaraq növbəti beş il ərzində nə vaxt istəsələr gələ bilərlər. Əgər tələbə verilən bu iki şansdan da istifadə edə bilməsə, onda biz onlara natamam ali təhsil haqqında arayış verəcəyik».
   Sonda E.Aslanov maraqlı bir faktı da nəzərimizə çatdırdı ki, bu il ATİ-nin buraxılışında uğur göstəricisi 80 faiz olub. 235 nəfər tələbədən 192 nəfəri məzun olub. Bu isə inkişaf etmiş ölkələrin ali məktəblərinin praktikasında yüksək hədd hesab olunur.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar