Mədəniyyət Nazirliyi və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə məşhur fransalı bloqer Patrik Veiseller ölkəmizə səfər edib.

Fransalı bloger sosial media hesablarından, həmçinin “Netflix” platforması üzərindən Azərbaycan mədəniyyətinin təbliğatına yönələn layihəni təqdim edəcək.

Avtomobil turu formatında həyata keçirilən layihə üzrə tanınmış komediya ustası, “Patrick le Chinois” ləqəbi ilə tanınan Patrik Veiseller Azərbaycanın tarixi, milli mədəni irsi, tolerant və multikultural mühiti barədə verilişlər hazırlamaq məqsədilə Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət qrupla Naftalan, Göygöl, Şəki və digər bölgələrə səfər edib, həmçinin Bakı ilə yaxından tanış olub.

Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə qarşılanan qonağa şəhər barədə ətraflı məlumat verilib və burada çəkilişlərin aparılmasına şərait yaradılıb.

Bloger Azərbaycanın bölgələri ilə bərabər paytaxt Bakı və şəhərin memarlığı, mədəni mühiti ilə bağlı da reportajlar təqdim edəcək.