Aidiyyəti yerlərdə yoxlamalar aparılacaq

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 11-də “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 6 ay müddətində Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (respublikanın şəhər və rayon mərkəzlərinə münasibətdə rayon (şəhər) icra hakimiyyəti orqanlarının nümayəndələri), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və “Azərişıq” ASC-nin nümayəndələri ilə birlikdə ölkə üzrə insanların kütləvi toplaşdığı obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılmasını təşkil etməlidir.

Yoxlamalar insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə və s; mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində və s; tamaşa və mədəni-maarif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.); əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlar və s.) aparılacaq.

Fövqəladə Hallar Nazirliyinə aparılan yoxlamaların gedişatı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat vermək tapşırılıb.