“Mədəniyyət/Culture” jurnalının 2022-ci il üçün ilk sayı çapdan çıxıb. Jurnalın ənənəvi və yeni rubrikalarında oxuculara maraqlı materiallar təqdim olunur.

“Türk dünyası” rubrikasında  “Özbəkistan deyəndə...” sərlövhəli səfər qeydlərində müəllif qədim, əsrarəngiz Səmərqənd şəhəri  ilə bağlı təəssüratını bölüşür.

“Ədəbiyyat” rubrikasında 200 yaşlı Aşıq Ələsgərin və 115 yaşlı Məhəmmədhüseyn Şəhriyarın ölməz irsinə yer ayrılıb. AMEA-nın müxbir üzvü Nüşabə Araslı ilə müsahibədə “Nizami Gəncəvi İli”nin nizamişünaslığa töhfələrindən söhbət açılır.

“Musiqi”də gənc sənətçinin ixtira etdiyi Ra.Tar musiqi aləti, “Kino”da qısametrajlı “Zəng” filmi, “Teatr”da məşhur tənqidçi Jan Lui Barronun səhnə haqqında düşüncələri təqdim olunur.

“Uzaqdakı yaxınlar” rubrikası Türkiyənin Adana şəhərindəki Çukurova Universiteti Dövlət Konservatoriyasının rəhbəri, professor Ülviyyə Aslanova-Gülər haqqında bəhs edir.

Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı Leyla Beybutovanın tarixə səyahəti erməni-daşnak qüvvələrinin xalqımıza qarşı törətdiyi dəhşətli qırğınlara işıq salır.

“Mədəni irsimiz” bölümünün oxucular üçün daha bir maraqlı yazısı “Sufizm və Pir-Mərdəkan xanəgahı”dır.

Nəşrdə həmçinin “Elm” rubrikasında magistr və dissertantların araşdırma yazıları verilib.