Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tarix-mədəniyyət abidələrinin qorunması, onların bədii-estetik xüsusiyyətlərinə, ilkin simasına xələl gətirən, standartlara cavab verməyən reklam və məişət qurğularının yerləşdirilməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Görülən tədbirlər nəticəsində tarix-memarlıq abidələrinin fasadı, dam örtükləri və digər hissələrinə qanunsuz müdaxilələrin qarşısı alınır, tarixi abidələr ilkin görkəminə qaytarılır.

Bir müddət öncə Dövlət Xidməti Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 174 ünvanında yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan binanın fasad hissəsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun tələbinə zidd olaraq, məişət qurğularının yerləşdirildiyi aşkar edilib.

Bununla bağlı mülkiyyətçiyə dəfələrlə rəsmi müraciət edilsə də, yol verilmiş qanun pozuntusu aradan qaldırılmayıb, əksinə, əlavə müdaxilələr edilib.

Aprelin 11-də Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərliyi ilə mütəxəssislərdən ibarət qrup həmin tarixi abidəyə yerində baxış keçirib və qanunsuz yerləşdirilmiş məişət qurğularının sökülməsi təmin edilib.

Abidələrin memarlıq üslubuna, xarici görkəminə və bədii-estetik xüsusiyyətlərinə xələl gətirəcək bu kimi hallara qarşı vətəndaşların, xüsusilə tarixi tikililərin xüsusi mülkiyyətçilərinin daha diqqətli olmaları tövsiyə edilir.

Qeyd edək ki, daha öncə Bakı şəhərində yerləşən tarix-memarlıq abidələrinə uzun illər ərzində edilmiş qanunsuz müdaxilələrin nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən pilot layihə çərçivəsində 12 ünvanda yerləşən dövlət mühafizəsində olan abidələrin görkəmini korlayan reklam lövhələri və məişət qurğuları sökülüb.