Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli Uşaq incəsənət məktəbində Xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olan Tofiq Quliyevin (1917-2000) 105 illiyinə həsr olunmuş konsert keçirilib.

Baş İdarədən bildirilib ki, tədbirdə vokal ixtisası üzrə müəllim Xəyalə Hüseynova Tofiq Quliyev yaradıcılığı haqqında danışıb. Vurğulanıb ki, Tofiq Quliyevin illərdən bəri ölkəmizdə və onun sərhədlərindən uzaqlarda səslənən mahnıları, həyatımızın salnaməsinə çevrilib. Tofiq Quliyev hər şeydən əvvəl fərdi üslub xüsusiyyətlərinə malik mahnıların müəllifi kimi tanınıb.

Vokal sinfi şagirdlərinin ifasında bəstəkarın “Əziz surət”, “Kamilin mahnısı”, “Qızların mahnısı”, “Sənədə qalmaz”, “Axşam oldu”, “Məhəbbət çırağı” və başqa mahnıları səsləndirilib.

Sonra şagirdlər konsertmeyster Samirə Eyvazovanın müşayiəti ilə Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Konsertin sonunda şagirdlərə həvəsləndirici diplomlar təqdim edilib.