Aprelin 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin 110 illiyi ilə əlaqədar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi-tədqiqat laboratoriyasının “Zülfüqar Hacıbəyov və Niyazinin yaradıcılığında “Almaz” filmi” mövzusunda elmi seminarı keçirilib.

Seminarı muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açıb.

Muzeyin filialı olan Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov, BMA-nın elmi-tədqiqat laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə çıxış ediblər.

Laboratoriyanın elmi işçisi, BMA-nın doktorantı Fidan Nəsirova mövzu üzrə məruzə ilə çıxış edib. Seminarda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondundan “Almaz” filminə aid bəzi not əlyazmaları təqdim olunub. Tədbir “Almaz” filminin nümayişi ilə davam edib.

Sonda BMA-nın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə çıxış edərək, seminarı əhəmiyyətini yüksək qiymətləndirib.