Xatirə muzeyində “açıq qapı” aksiyası və sərgi keçirilib

 

Aprelin 14-də Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, həkim, yazıçı, dramaturq, publisist Nəriman Nərimanovun (1870-1925) anadan olmasının 152-ci ili tamam oldu. Bu münasibətlə ədibin Bakıdakı xatirə muzeyində “açıq qapı” günü keçirilib, “Nərimanovu anırıq” adlı rəsm sərgisi təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Nəriman Nərimanovun Xatirə Muzeyinin direktoru Ləman Hüseynova deyib ki, bu ilin fevral ayında Sumqayıt şəhərindəki N.Nərimanov adına Mədəniyyət Mərkəzi nəzdindəki rəsm dərnəyinin üzvlərindən bir qrupu mədəniyyət ocağını ziyarət edib. O zaman uşaqlar ekspozisiyada hər bir eksponatı diqqətlə nəzərdən keçirib, Nərimanovun həyat və fəaliyyəti haqqında ətraflı məlumat əldə etməyə çalışıblar.

N.Nərimanov adına Mədəniyyət Mərkəzi nəzdindəki rəsm dərnəyinin rəhbəri Sevinc Həmzəyeva diqqətə çatdırıb ki, şagirdlər muzeydə gördüklərini rəsmlərində təsvir ediblər.

Sənətşünas, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev balaca rəssamların zəhmətini təqdir edərək onlara uğurlar arzulayıb.

Digər çıxış edənlər də şagirdlərin əl işlərindən ibarət sərgini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, bu qəbildən tədbirlər N.Nərimanov şəxsiyyətinin unudulmayacağına, onun keşməkeşli həyat yolunun həmişə diqqət mərkəzində olacağına sübutdur.

Tədbirin sonunda əl işləri sərgilənən şagirdlər və rəsm dərnəyinin rəhbəri Sevinc Həmzəyeva muzeyin təşəkkürnaməsi ilə təltif olunub. Sərgidə nümayiş olunan işlərdən bir neçəsi muzeyə hədiyyə edilib.

Nurəddin