2022-ci ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev aprelin 13-də Rauf Hacıyevin yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar ərsəyə gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olub və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak edib və səmərəli ictimai fəaliyyəti ilə tanınıb.
Sərəncamda Mədəniyyət Nazirliyinə Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.