Gürcüstanın tanınmış mədəniyyət xadimləri, türkoloq və ekoloqlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə tanışlıq məqsədi daşıyır.

Aprelin 14-də Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin nümayəndə heyəti ilə görüşü keçirildi.

Qonaqları salamlayan Sevda Məmmədəliyeva Azərbaycan və Gürcüstanın qədim tarixə və zəngin mədəni irsə sahib olduğunu bildirdi: “Azərbaycan və Gürcüstan uzun əsrlərdir ki, dinc qonşuluq şəraitində yaşayır. Bu gün nümayəndə heyəti arasında mədəniyyət sahəsini təmsil edənlərin olması bizləri sevindirir. Birgə mədəni tədbirlərin təşkili iki ölkə arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayır”. Nazir müavini həmçinin 30 ilə yaxın sürən işğal dövründə Azərbaycan maddi mədəniyyət nümunələrinə qarşı ermənilər tərəfindən həyata keçirilən vandalizm və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə qonaqlara məlumat verdi.

BMA-nın rektoru Fərhad Bədəlbəyli Azərbaycanın zəngin mədəni irsindən bəhs etdi, qonaqlar üçün unikal musiqi proqramının hazırlandığını diqqətə çatdırdı.

Daha sonra görüş konsert və dialoq şəklində davam etdi. İlk olaraq beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil Sədizadənin (piano) çıxışı dinlənildi. Sonra muğam triosunun ifasında “Şur” muğamı və “Xudayar təsnifi” səsləndirildi.

Əməkdar artist İlham Nəzərovun vokal ifası qonaqlar tərəfindən maraqla qarşılandı. İ.Nəzərov Fərhad Bədəlbəylinin “Ave Mariya” əsərini ifa edərkən gürcü qonaq, vokal ifaçısı İamze Cakeli bəstəkardan icazə alıb birgə duet ortaqlığı etdi və ifa maraqla qarşılandı.

F.Bədəlbəyli bu il görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edildiyini diqqətə çatdırdı. Xalq artisti, pianoçu Murad Adıgözəlzadə Fikrət Əmirovun miniatürlərini ifa etdi.

Tədbirdə həmçinin F.Bədəlbəyli qonaqların xahişi ilə özünün məşhur “Dəniz” əsərini səsləndirdi. Qonaqların ən kiçiyi 5 yaşlı uşaq bu isti və səmimi sənət mübadiləsini görüb Azərbaycan dilində “Cücələrim” mahnısını ifa etməyə başladı.

Görüş İamze Cakelinin ifasında sözləri Aslan Abdullayevə, musiqisi Elza İbrahimovaya məxsus “Ey Vətən” mahnısı ilə yekunlaşdı.

Qonaqlara F.Bədəlbəyli və M.Adıgözəlzadənin duet şəklində yazdırdığı Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət CD albom hədiyyə edildi.

Sonda nümayəndə heyətinin rəhbəri, prodüser Nino Lortkipanidze səmimi qəbula görə təşəkkürünü bildirdi. Onu Azərbaycanla bağlayan tellərin olduğunu, babasının vaxtilə neftçi olaraq Bakıda çalışdığını və burada dəfn edildiyini bildirdi. Diqqətə çatdırdı ki, hazırda Azərbaycan və Gürcüstan sənət xadimləri ilə birgə mədəni layihə üzərində çalışır. O, xalqlarımız arasında bu dostluğu daha da möhkəmləndirmək üçün hər zaman dəstəyə hazır olduqlarını vurğuladı.

Qeyd edək ki, nümayəndə heyətinin 15-17 aprel tarixində Gəncə, Füzuli, Cəbrayıl, Şuşa və Ağdam şəhərlərinə səfəri təşkil olunacaq.

Lalə Azəri